"Təhsil xərci 9-10 mindir, amma ölkəmizdə tanınan bəstəkarımız yoxdur"

 17:18 20.09.2024     1437

Azərbaycanda bakalavr və magistr pilləsi üzrə ən bahalı ixtisasların təhsil xərcləri 9-10 min manat təşkil edir. Bu ixtisaslar isə incəsənət sahəsinə aiddir.

Bəstəkarlıq (illik təhsil xərci 9000 AZN);
Dirijorluq (illik təhsil xərci 9000 AZN);
İnstrumental ifaçılıq (illik təhsil xərci 9000 AZN);
Vokal sənəti (illik təhsil xərci 9000 AZN).

Magistratura pilləsi üzrə ən bahalı ixtisasları:

Bəstəkarlıq (illik təhsil xərci 10000 AZN);
Dirijorluq (illik təhsil xərci 10000 AZN);
İnstrumental ifaçılıq (illik təhsil xərci 10000 AZN).

Bəs həmin ixtisasların təhsil xərci niyə bu qədər bahalıdır?

Mövzu ilə əlaqədar təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında aydınlıq gətirdi ki, təhsil xərci tələbənin ödədiyi təhsil haqqı demək deyil, bunlar tamamilə fərqli anlayışlardır:

"Təhsil xərci dövlət büdcəsi hesabına müvafiq olaraq həmin ixtisasa qəbul olan, yəni dövlət tərəfindən pulsuz təhsil alanlar üçün ödənilən vəsaitdir. Təhsil haqqı isə ödənişli əsaslarla oxuyan tələbənin bir il ərzində həmin universitetə ödədiyi illik təhsil haqqı məbləğidir. Ümumilikdə baxsaq, təhsil xərci bəstəkarlıq, drijorluq, vokal sənəti, instrumental ifaçılıq ixtisaslarında daha yüksəkdir. Burada təhsil xərcinin belə yüksək olmasının səbəbi plan yerlərinin azlığı ilə əlaqədardır. Məsələn, başqa ixtisaslarda qəbul 20-25 nəfərlikdirsə, bu ixtisaslara 3, maksimum 5 nəfər qəbul ola bilir. Həmin 3-5 nəfərə üçün müvafiq musiqi alətlərinin alınması nisbətən baha xərc tutur. Bu nöqteyi nəzərdən həm plan yerlərinin azlığı, həm də ümumi alınan avadanlıqların məbləğinin yüksək olması bir tələbənin xərcinin də yüksək olmasına gətirib çıxarır. Tibb, hüquq və əmək bazarında daha çox tələb olunan digər ixtisaslar istiqamətində də tələbələrin illik haqqı 2 000 - 2 500 manat civarında formalaşsa, təhsilin əlçatanlılığı təmin olunar". 

Təhsil eksperti qeyd etdi ki, son dövrlər bəstəkarlıq istiqamətində bizim Qara Qayev, Üzeyir Hacıbəyli, Vaqif Gərayzadə kimi peşəkarlarımız yoxdur:

"Olanlar isə ölkədə o qədər tanınmırlar, çünki daha çox xaricdə peşələrini davam etdirirlər və ya xaricdə tanınırlar. Ölkə miqyasında tanınan, üzdə olan bəstəkarlarımız yoxdur. Biz əgər bu qədər mailiyyyə vəsaitini həmin ixtisaslara xərcləyiriksə, gərək peşəkar mütəxəssislər yetişdirək ki, ölkəmizi dünya səviyyəsində tanıda bilsin".

Sevinc İBRAHİMZADƏ