"Qarabağ Universitetinin tələbələri böyük bir məsuliyyət daşıyır"

 18:07 23.09.2024     582

Bildiyimiz kimi 2024-2025-ci tədris ilinin başlanması digər ali təhsil ocaqları ilə yanaşı Qarabağ Universitetində də maraqla qarşılandı. Prezident İlham Əliyevin universitetin ilk tədris ilinin açılışında iştirakı tələbələrə ruh yüksəkliyi verdi. Qarabağ Universiteti peşəkar müəllim kollektivi, təlim bazası, labaratoriyaları, tədris və yataqxana binası ilə tələbələrə yüksək xidmət göstərməyi planlaşdırır. İlk tədris ilində universitetə qəbul olan 1104 tələbəyə lazımi bütün imkanlar təşkil olunmuşdur. Universitet ilk tədris ilinin açılışını yüksək reytinqlərlə həyata keçirdi. Dövlət tərəfindən verilən qəbul planının 98,5 faiz doldu. Qəbul olanların yüksək bal toplaması, daha doğrusu , yüksək bal toplayan abituriyentlərin Qarabağ Universitetini seçim etməsi təqdirəlayiq idi. Abituriyentlərdən 101 nəfərin 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplaması, əksər ixtisaslar üzrə keçid ballarının yuxarı olması, hətta 683,8 bal toplayan abituriyentin Bakıdakı universitetlərin hüquq fakültəsinə qəbul imkanları olduğu halda Qarabağ Universitetini seçim etməsi gənclərin və xalqın öz dövlətinə inamının göstəricisi idi. Fənn olimpiadasında qalib olan abituriyentin Qarabağ Universitetini seçim etməsi və müsabiqədənkənar qəbul olması bu universitetə olan rəğbətin ifadəsidir. Ümumiyyətlə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balının 467,6 bal olması da bu universitetə olan marağın yüksək səviyyədə olduğundan xəbər verir. 

Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində bir neçə ixtisas üzrə sabah qruplarının təşkil olunması və gələcəkdə burada təhsil alacaqları Universitetin inkişafından xəbər verir. 
Növbəti illərdə Qarabağ Universiteti xarici tələbələrin qəbulunu da həyata keçirəcək. Təhsilin digər pilləsi üzrə: magistratura, doktorantura istiqamətləti üzrə də qəbul aparılacaq. 
Əsas odur ki, Qarabağ Universitetində yüksək səviyyədə tədrisin aparılması üçün dövlət bütün imkanlarını səfərbər edib. 

Hesab edirəm ki, burada oxuyan tələbələrin də boynuna bir çox məsuliyyət düşür. Çünki bu tələbələri digərlərindən fərqləndirən xüsusiyyətlər var. Bu tələbələr oxuduğu ali təhsil ocağının qədrini bilməli və yüksək səviyyədə nümunəvi olmalıdırlar. Oxuduğu universitetin adını yuksəltməli, qürurla təmsil etməlidirlər. Çünki bu torpaqlarda minlərlə şəhid qanı var, çünki bu torpaqlarda Azərbaycan əsgərinin igidlik salnaməsi var. Çünki bu torpaqlarda gecə ilə öz yurdlarından didərgin salınmış Xocalı şəhidlərinin günahsız qanları var. Təhlükəsizliyi təmin edərkən minaya qurban olmuş təhlükəsizlik xidməti əməkdaşlarının, xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan əsgər və polislərimizin, tarix yazan neçə adsız qəhrəmanlarımızın ruhu dolaşır. Bu igidlər siz oxuyasınız, Azərbaycanın haqq səsini dünyaya çatdırasınız deyə gözlərini qırpmadan, tərəddüd etmədən canlarını qurban verdilər. Buna görə də, sizlərə - bu universitetin tələbələrinə böyük məsuliyyət düşür. Təhsil aldığınız universiteti o qədər yüksəltməlisiniz ki, dünyada tanıtmalısınız ki, onların ruhu da şad olsun. Siz buna qadirsiniz, əziz tələbələr, çünki Qarabağ Universiteti sizin üçün bu istiqamətdə bütün imkanlarını səfərbər edir və  edəcəkdir. Siz də etimada sədaqətlə dəyərək dayanmadan Qarabağ Universitetini dünyada tanıtmaq üçün səy göstərməlisiniz. Üzərinizdə böyük bir yükün və məsuliyyətin olduğunu unutmayın!

Ramin Nurullayev,

təhsil eksperti