Qarabağ Universitetinin tələbəsi DANIŞDI: "210 manatlıq paketə gündə..."

 17:46 24.09.2024     1251

Ötən gün Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanıldı.

Qarabağ Universitetinin Maliyyə ixtisasının I kurs tələbəsi Emil Elşən oğlu Əhmədov universitetlə bağlı təəssüratlarını Redaktor.az-la bölüşdü:

"Dünən açılış mərasimi oldu, bütün pedoqoji heyət bizi gülərüzlə qarşıladı. Dərslər maraqlı keçir, bütün layihələr bizim inkişafımız üçün hazırlanıb. Bizim dil biliklərimizi, kompüter bacarıqlarımızı inkişaf etdirməkdən ötrü hər bir şərait yaradılıb. Auditoriyalar müasir standartlara cavab verir. Müəllimlər gənc, sevimli müəllimlərdir, həm də tədris etdikləri fənni sevdirə bilirlər. Bunun üçün ilk növbədə, möhtərəm prezidentimiz İlham Əliyevə, elm və təhsil nazirimiz Emin Əmrullayevə, o cümlədən rektorumuz Şahin Bayramova və bütün pedoqoji heyətə təşəkkür edirəm. İki gündə məndə çox xoş təəssüratlar yaranıb, ümid edirəm 4-cü kursun sonunadək daha da inkişaf edəcəm və Qarabağ Universitetini nəinki Azərbaycanda, eləcə də dünyada təmsil edəcəyəm". 

Tələbə müsahibimiz yataqxana və yeməkxana şəraitindən də danışdı.

"Yataqxanada şərait rahatdır, 3 otaqda 5 nəfər qalırıq, 1 mətbəximiz var. Yeməklər isə yeməkxanada bişirilir. Yeməklər üçün aylıq paketlər də var. 210 manatlıq paketə gündə 3 dəfə yemək daxildir. Sadəcə səhər və axşam yeməklərinin paketi isə 170 manatdır. Aylıq paketə qoşulmadan, gündəlik olaraq yemək almaq da mümkündür. Belə olanda səhər yeməyi 2 manat, günorta və axşam yeməkləri isə 4 manatdır. Aylıq paketdə saat fərqi yoxdur, ancaq günlük yeməklər üçün 2 saat yarım vaxt qoyurlar", - deyə Emil Əhmədov bildirdi.

Qeyd edək ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub.

Sevinc İBRAHİMZADƏ