"Onların işi pul yığmaq yox, məktəblə valideyn arasında körpü yaratmaqdır"

 17:22 30.09.2024     673

Orta məktəblərdə yaradılan valideyn komitələri hər sinifdə valideynlərin qarşılıqlı əlaqəsini və vacib məlumatların onlara çatdırılmasını təmin edir. Lakin çox təəssüflər olsun ki, bir çox hallarda bu komitənin neqativ fəaliyyətinin də şahidi oluruq. Məsələn, müxtəlif bayramlarda valideynlərdən kütləvi şəkildə pul yığılması, hansısa lazımsız tədbirin təşkili və sair. Bu qeyri-formal təşkilatlar rüşvətin yayılmasına xidmət etməyə başlayıb. Hətta sosial şəbəkələrdə də bu komitələrin fəaliyyətinin tənqid edildiyinin şahidi oluruq.

Məsələylə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elnur Aydın bildirdi ki, valideyn komitələrinin məqsədi pul yığmaq yox, şagirdlərin təhsli ilə bağlı məktəb rəhbərliyi və müəllimlərlə əməkdaşlıq etməkdir:

“Valideyn komitələrinin fəaliyyət istiqamətləri məktəb və valideynlər arasında körpü yaratmaq, valideynlər və məktəb rəhbərliyi arasında əlaqəni gücləndirməkdir. Onlar məktəbdə keçirilən müxtəlif tədbirlərin (mədəniyyət, idman, təhsil və digər) təşkilində və həyata keçirilməsində könüllü olaraq iştirak edə bilərlər. Məktəbin sosial mühitini inkişaf etdirməyə kömək etmək və şagirdlər üçün əlavə imkanlar yaratmaq imkanları var. Komitələr məktəbin resurslarına dəstək olmaq üçün ictimai təşkilatlar və yerli bizneslə əməkdaşlıq quraraq lazımi avadanlıq və təchizatların təmin olunmasına kömək edə bilərlər. Bu fəaliyyətlərin könüllü və şəffaf şəkildə həyata keçirilməsi məqsədəuyğundur".

Ekspertin sözlərinə görə, valideyn komitələri şagirdlərin əxlaqı, nizam-intizamı və davranışları ilə bağlı mövzuları müzakirə etmək ixtiyarındadır.

"Bu isə şagirdlərin daha sağlam sosial mühitdə böyüməsinə kömək edər. Komitələr xüsusi ehtiyacı olan şagirdlərə, sosial-iqtisadi çətinliklərlə üzləşən ailələrə dəstək göstərmək üçün məktəb rəhbərliyi ilə birgə proqramlar təşkil edə bilərlər. Valideyn komitələrinin məktəbin fəaliyyətinə təsir göstərən siyasətlərin, qaydaların və qərarların hazırlanması prosesində məsləhətçi rolu oynamaq imkanları var. Onlar düzgün istiqamətə yönəldikdə və qanuni çərçivədə fəaliyyət göstərdikdə, məktəb həyatında böyük müsbət dəyişikliklər baş verər”, - deyə Elnur Aydın bildirdi.

Vasif ƏLİHÜSEYN