"Hədiyyə alınan müəllim savadlı, alınmayan isə savadsız kimi göstərildi" - Müəllim

 15:09 03.10.2024     4104

“Pedaqoji fəaliyyətim ərzində şagird sevgisini qazanmaq başlıca məqsədim olub. Çünki sevgi və sevgisizlik insana hər şeyi etdirməyə qadirdir. Təlim-tərbiyə prosesində bu, çox önəmlidir. Necə deyərlər, xəstə həkimə inanmasa, sağalmaz. Ona görə ən birinci növbədə elmdən çox sağlam düşüncəli, insani keyfiyyətləri özündə birləşdirən şəxsiyyət yetişdirməyə daha çox etina göstərirəm"

Bunu Redaktor.az-a açıqlamasında Laçın rayonu P.Məmmədov adına 46 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Səbinə Əsədova dedi.

Onun sözlərinə görə, bir vaxta qədər müəllimi hədiyyələrlə təbrik etmək də normal hal idi:

“Müəllimin üzərinə eyni vaxtda bir neçə öhdəlik düşür. Bu səbəbdən onun borcunu heç nə əvəz edə bilməz. Müəyyən əlamətdar günlərdə onları təbrik etmək, hədiyyələr alıb sevindirmək normal hal idi, o vaxta qədər ki, bunu kütləvi hala gətirdilər. Onda da məsələ artıq könüllülükdən çıxıb məcburiyyətə döndü. Hədiyyə alınan müəllim hörmətli, alınmayan hörmətsiz kimi və ya daha bahalı hədiyyə gətirilən müəllim daha savadlı, tələb görən müəllim kimi göstərilməyə çalışıldı. Bərabərlik pozuldu, süni bir səhnələşdirmə yaradıldı. Müəllimlər o şöhrət buludunun dumanından kənarda qalmaq istəmədi. Artıq hədiyyələr və təbriklər də səmimiyyətini itirdi, yaşlar da qurunun oduna yandı”.

S.Əsədova bildirdi ki, imkansız valideynlər də məcbur qalıb bu dəblə ayaqlaşmağa çalışır:

“Elə bir məqam gəlib ki, könüllü şəkildə müəllimi təbrik etməyə valideyn utanır. Çünki onun büdcəsi digər müəllimlərə alınmış hədiyyələri alacaq qədər normal deyil. Bir gül ala bilmir, bir dəstəyə də pulu yetmir. Nə edir? Ya istəkli, ya istəksiz şəkildə qruplaşmanın pul yığımına qoşulur. Və beləcə “müəllimlər pul yığır“ burulğanı bütün cəmiyyəti ağuşuna alır. Bu da böyüdükcə böyüyür, evlərdə fərqli mənzərələrə şahid olan şagirdlərin yuxarıda qeyd etdiyim sevgisini qazanmaq, gözlərindəki o prototipi qırmaq müəllim üçün məşəqqətə dönüşür. Təhsildə məhsuldarlığın və keyfiyyətin faizi aşağı düşür. Çünki şagird müəllimi dinləyəndə eşitdiyi cəmiyyətdəki, mediadakı neqativ əks sədalar olur.

Mənim videomüraciətim bu səbəbdən idi. Heç bir müəllimin o cür süni yaradılmış təmtərağa ehtiyacı olmamalıdır. Bu artıq sevgi və səmimiyyət olmaqdan çıxıb. Əsl sevgini şagirdin gözündə, davranışında, valideynin hörmət və sayğısında görmək olur. Həmkarlarım birmənalı yanaşmasa da, təkrar dediyimin üstündə dayanıram. Mənim üçün bu, daha sevgi göstərisi deyil. Sevgi 8 yaşlı qonşusunun köhnəsini geyinən köçkün bir şagirdin insanlığına heyran olduğu mərhum Fəridə müəlliminə apardığı “Duru” sabununda idi. Sevgi müəllimi ağlayaraq onu qucaqlayıb hədiyyəsini qaytaranda verdiyi insanlıq dərsində, müəllimlik nümunəsində idi”.

Qeyd edk ki, Səbinə Əsədova 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə bağlı özünün feysbuk hesabında videomüraciət yayıb. Onun müraciəti maraqla qarşılanıb.

Vasif ƏLİHÜSEYN