"Boloniya sistemindən şikayətlər əsassızdır" - Pərviz Kazimi

 12:21 07.10.2024     471

Redaktor.az Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi ilə müsahibəni təqdim edir:

- Pərviz müəllim, Boloniya sistemi nədir?

- Avropa təhsil sistemi ilə tanış olanlar bilir ki, hələ orta əsrlərdə Avropa universitetləri arasında bir rəqabət olub və mədəni mərkəzlər öz universitetlərini dəstəkləmək üçün onun rəqabət qabiliyyətini artırmaga çalışıblar.

Boloniya İtaliyanın şimalında kiçik bir şəhər olmasına baxmayaraq Avropanın ilk universitetlərindən biri XI əsrdə orada yaradılıb. O zamanlar Baloniya, Siyena, Florensiya şəhərlərində universitetlər yaradılırdı, daha doğrusu yüksək təhsil kilsələrdən kənara çıxırdı.

- Bəs bu proses müasir dövrümüzə nə qədər aid olunur?

- 1970-ci illərdə Avropa ölkələrinin təhsil nazirlikləri görüşərək təhsil sahəsində vahid norma və standartlar yaratmaq kimi ideyalar gündəmə gətirdilər. O illərdə də Avropa və dünya universitetlərinin tanıtımı, universitetlərin reytinqlərinin hesablanması üçün vahid standartların olması tələb olunurdu. Vahid standartların olmaması reytinqlərin müəyyənləşdirilməsində subyektivlik yaradır, bəzən qalmaqallar da olurdu. Bu proses mürəkkəb müzakirələrə səbəb oldu və uzun müddət vahid qərara gələ bilmədilər. 1999-cu ildə Boloniya şəhərində 29 ölkənin təhsil nazirlərinin ümumi toplantısında "Avropa Ali təhsil məkanı" adlı bəyannamə qəbul edildi.

Qərara alındı ki, 2010-cu ilə qədər ölkələr milli təhsil sistemlərini Boloniya bəyannaməsinin əsas müddəalarına uyğunlaşdırsınlar. 2010-cu ildə "Avropa ali təhsil məkanına"  Albaniya, Andorra, Ermənistan, Avstriya, Azərbaycan, Belçika, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Vatikan, Macarıstan, İslandiya, İspaniya, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Çernoqoriya, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Makedoniya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniya daxil oldular.

- Bir çox müəllimlər Boloniya sistemindən şikayət edirlər, bunun səbəbi nədədir?

- Bu istiqamətdə olan şikayətlər əsassızdır və bir çox hallarda da subyektivdir. Qəbul olunmuş bəyannamədə altı əsas müddəa irəli sürülür:

“Müqayisə olunan dərəcədə qəbul edilmiş sistemlər, o cümlədən, diplomda işlə təmin olunma və Avropa ali təhsilinin beynəlxalq rəqabətdə güclü olması.

İki pilləli təhsilə giriş: dərəcəyə qədər və dərəcədən sonra.

Birinci pillə 3 ildən az çəkmir.

İkinci pillə magistr və ya doktor dərəcəsi almağa doğru aparır.

Avropa sisteminin tətbiq edilməsi tələbənin həyat fəaliyyətinin sürətli inkişafına dəstək üçün zəhmətsevərlik vahidinin hesablanması üçündür ( kredit sistemi).

"Ömür boyu təhsil almaq" konsepsiyası çərçivəsində işləməyi bacaran və sistemi davamlı edən ECTS (European Credit Transfer System) qəbul etmək təklif olunur. Bu iştirakçıların fəallığını inkişaf etdirmək böyük əhəmiyyət kəsb edir (əvvəlki iki maddənin yerinə yetirilməsi əsasında).

Avropa regionunda müəllim və digər personalın fəal olmasını təmin etmək.

Transmilli təhsil standartlarını yaratmaq. Uyğun kriteriyaların və metodologiyaların işlənilməsi məqsədilə keyfiyyətin təmin olunmasında Avropa əməkdaşlığına kömək etmək.

Avropa ali təhsilinə, əsasən də dərs planlarının inkişaf etdirilməsi sahəsinə, institutlararası əməkdaşlığın, ümumi təhsil proqramının və sürətlilik sxeminin, təcrübi hazırlığın və elmi tədqiqatların aparılmasına ciddi nəzarəti təmin etmək.”

Gördüyünüz kimi Boloniya sistemi tədrisin xarakterinə, formasına, mahiyyətinə müdaxilə etmir. Yalnış bir sıra standartlar irəli sürür ki, bu standartlar daxilində hər bir universitet öz təhsil siyasətini həyata keçirə bilir.

Əsas şikayətlər təhsilin standartlaşdırılması və qiymətləndirmədəki bal sisteminə aiddir. Bəzi mütəxəssislər bütün ixtisaslara eyni standartla yanaşmanı düzgün hesab etmir. Lakin Baloniya sistemi hibrid qiymətləndirmə və standartlara yaradıcı yanaşmanı qadağan etmir. Bəzi universitetlər kurs işi, buraxılış işi kimi tələbələrin fərdi yaradıcılq işinə dair saatları Baloniya sistemində yer verilmədiyinə görə tədris prosesindən çıxarır. Lakin Boloniya bu kimi çalışmaları qadağan etmir. Şəxsən mən düşünürəm ki, Azərbaycan tələbələrinin fərdi yaradıcılıq işinə ehtiyacı var və onu istək olarsa bərpa etmək olar.

Təhsil standartlarında olan ziddiyyətlər və kreditlərlə əlaqədar şikayətlərin Baloniyaya heç bir dəxli yoxdur. Bununla yerli mütəxəssislər məşgul olur və əgər kreditlərin fənlar arasında bölgüsündə anlaşılmazlıqlar qarşıya çıxırsa, bu, onu tərtib edənlərin qeyri-peşəkarlığıdır.

- Boloniya sisteminin milli dövlətlər üçün faydası nədir?

- Qeyd etdiyimiz bəyənnamənin adından da göründüyü kimi, Avtopada vahid ali təhsil məkanı yaradılır və bu sahədə sıx əlaqələrin formalaşması üçün inmkanlar genişlənir. Azərbaycan universitetləri beynəlxalq reytinq qiymətləndirməsində iştirak edir, vahid təhsil standartları əsasında diplomlar tanınır, tələbələr müxtəlif universitetlərdə təhsillərini davam etdirir, tələbə mübadiləsi, müəllim mübadiləsi həyata keçirilir, qabaqcıl təhsil proqramları, dərsliklər öyrənilir və tədrisə cəlb edilir, bir sözlə faydası çoxdur. Əslində Boloniya sistemi müasir qloballaşmanın bir alətidir.

Leyla MƏHƏRRƏM