"DİM ildə iki-üç dəfə imtahan keçirəcək, tələbələri stressə salacaq, yaxşı pul qazanacaq..." - AÇIQLAMA

 16:21 08.10.2024     646

"Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir".  

Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.

Bəs universitet proqramlarındakı hansı fənlər lüzumsuzdur?

Bununla bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, bu fikir əvvəllər də səsləndirilib:

"Məsələn, bir şəxsin ixtisasi coğrafiya müəllimliyidir. O, çoxlu qeyri-ixtisas fənləri keçir və yaxud da öz ixtisasına uyğun ikinci, üçüncü kursda keçirilən fənn əvvəl keçirilən bir fənni təkrarlayır. Daha ciddi materiallar, dərsliklər ortaya qoymaq lazımdır. Çox güman ki, nazir Emin Əmrullayev bu kimi fənləri nəzərdə tutur. Bu fənləri birləşdirmək və yaxud ləğv etmək, şəxsin ixtisasına uyğunlaşdırmaq lazımdır".

Rizvan Fikrətoğlu: İşğaldan azad edilmiş ərazilərdə təhsil  infrastrukturunun bərpası istiqamətində mühüm işlər görülür – Şəki Media  Agentliyi

Ekspert qeyd etdi ki, universitetlərdə nəzəriyyə və praktika bir birini tamamlamalıdır, əks halda nəticə əldə etmək olmaz:

"Nəzəriyyə keçirilir, praktikadan xəbər yoxdur. Bizim universitetlərdə praktika kağız üzərində və yaxud arayış almaqla həyata keçirilir. Biz ancaq test balının üstünə düşmüşük. Dövlət İmtahan Mərkəzi ildə iki-üç dəfə imtahan keçirəcək, tələbələri stressə salacaq, yaxşı pul qazanacaq... Bu da düzgün iş deyil. Universitet təhsili gücləndirilməlidir. Ümumiyyətlə, təhsilin forması dəyişməlidir. Necə ki, nazirliyin adı dəyişdi və Elm və Təhsil Nazirliyi oldu, bu, o deməkdir ki, təhsil və elm inteqrasiyalı, bir-birinə qarşılıqlı şəkildə inkişaf etməlidir. Məsələn, biologiya müəllimliyində təhsil alan tələbə niyə axı Biologiya İnstitutunda bunun praktikasını keçməsin? Adətən, universitetlərdə tədris ilinin sonunda fənnin təcrübəsini keçirlər və bu da çox formal olur", - deyə Rizvan Fikrətoğlu bildirdi.

Sevinc İBRAHİMZADƏ