"Tələbə əgər universitetdə də eyni informasiyanı keçirsə, bu, sadəcə vaxt itkisidir" - Vüsalə Ağabəyli

 15:18 10.10.2024     2264

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev "ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir" deyib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli Redaktor.az-a açıqlamasında nazirin bu fikri ilə razı olduğunu bildirdi:

"Ali təhsil müəssisələrində ixtisas və peşə yönümlü fənlərə ayrılan saatlar qeyrı-ixtisas fənlərinə nisbətdə daha çox olmalıdır. Düzdür, tələbənin ümumi dünyagörüşünün formalaşmasında ona tədris olunan fənlərin əhəmiyyəti böyükdür. Lakin nəzərə alaq ki, tələbə ilkin olaraq, öz ixtisası üzrə yetişməlidir. Bəzi fənlər də var ki, tədris olunsa belə, məzmunu dəyişməlidir. Məsələn, ali təhsil müəssisələrində tələbələrə Azərbaycan tarixi, Azərbaycan dili fənlərinin tədris olunması dövlətçilik siyasətimizin qorunması və təbliği baxımından önəmlidir. Lakin 11 illik orta təhsilində Azərbaycan tarixini, Azərbaycan dilini kifayət qədər mənimsəmiş tələbə əgər ali təhsil müəssisəsində də eyni informasiyanı keçirsə, bu, sadəcə vaxt itkisidir. Eləcə də digər fənlər".

Dosent qeyd etdi ki, bütövlükdə tədris planları yenidən gözdən keçirilməlidir, fənlər müasir standartlara cavab verməlidir və xüsusilə ixtisasyönümlü olmalıdır.

Sevinc İBRAHİMZADƏ