"Orta məktəblərdə media savadlılığı dərsi keçirilməlidir" - Jurnalistika fakültəsinin dekanı

 18:01 11.10.2024     1291

Zəmanə internet zəmanəsi olduğundan, bir çox işimizi onlayn şəkildə həyata keçiririk. Bu həm əlverişli, həm də daha tez başa gələndir. Ancaq internetin müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərini də unutmamalıyıq. Böyüklər nəyi necə istifadə etməli olduğunu bilsə də, uşaqlar bunu çox bilmir.

Elə mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu bildirdi ki, orta məktəblərdə media savadlılığı dərsi keçirilməlidir.

"Ümumiyyətlə, Azərbaycanda orta məktəblərdə yuxarı sinif şagirdləri üçün media savadlığı fənninin tədris edilməsi çox müsbət hal olardı. Burada məqsəd nədir? Burda məqsəd odur ki, yuxarı sinif şagirdləri ümumiyyətlə müasir media alətlərindən düzgün istifadə etməyi bilsinlər. Mənimsəsinlər ki, media nədir, sosial media nədir. Bununla bağlı müəyyən ilkin məlumat bazasını məhz məktəbdə oxuduqları müddət ərzində artıq alsınlar. Bilirsiniz ki, sosial media alətlərindən daha çox istifadə edən kontingent məhz gənc nəsildir və bu mənada tez-tez, məsələn, müxtəlif müzakirə predmetlərinə çevrilir. Tutaq ki, müəyyən neqativ kontentlərin təsiri altına düşməsi, müxtəlif oyunların, manipulyasiyaların, müxtəlif dezinformasiyaların təsiri altına düşməsi məsələsi".

Dekanın sözlərinə görə, bu fənnin tədrisinin orta məktəb proqramlarına əlavə edilməsi özünü müsbət mənada göstərə bilər.

"Bax, bu gün təkcə Azərbaycanda deyil, ümumiyyətlə müasir dünyada ən aktual və müzakirə olunan əsas problemlərdən biridir və bu mənada media savadlığı fənninin orta məktəblərdə tədrisi bu və ya başqa dərəcədə artıq uşaqlarda, gənclərimizdə, kiçik fidanlarımızda media ilə bağlı, sosial media ilə bağlı müəyyən bir təsəvvür formalaşdıra bilər. Bu mənada belə bir fənnin keçirilməsi çox yaxşı hal olardı və bir məqamı da qeyd edim ki, bu praktika var. Belə ki, 40-cı illərin ortalarında Böyük Britaniyada, eyni zamanda bizim qardaş Türkiyəmizdə media savadlılığı fənni tədris edilir. Yəni orta məktəblərdə yuxarı siniflərə bu fənnin tədrisinin orta məktəb proqramlarına əlavə edilməsi özünü müsbət mənada göstərə bilər. Bu ilkin təsəvvürün formalaşması baxımından əhəmiyyətlidir", - deyə Vüqar Zifəroğlu bildirdi.

Türkan İSGƏNDƏRLİ