"DİM xüsusi təyinatlı akademiyalara keçid balını elan etsin" - Ekspertdən TƏKLİF

 17:59 14.10.2024     1796

Dövlət İmtahan Mərkəzi (DİM) bəzi xüsusi təyinatlı akademiyaların və bəzi ali təhsil ocaqlarının keçid ballarını rəsmi şəkildə elan etmir. Bu barədə təhsil eksperti Ramin Nurəliyev öz sosial media hesabında paylaşıb. 

Bəs söhbət hansı ali təhsil müəssisələrindən gedir və abituriyentlər həmin akademiyalara keçid ballarını necə bilirlər?

Ramin Nurəliyev bununla bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, ölkəmizdə qəbul imtahanlarının demək olar ki, 90 faizini Dövlət İmtahan Mərkəzi (DİM) həyata keçirir və nəticələrini açıqlayır. Bu qəbul imtahanları içərisində abituriyentlərin universitetlərə qəbul imtahanları, məhkəmə-hüquq orqanları, vəkillik, peşəkət mühasibatlıq, dövlət qulluğu və s. ilə bağlı qəbul imtahanları aiddir:

"Məsələn, hər il abituriyentlərlə bağlı nəticələr açıqlandıqdan sonra ümumi statistika çıxarılır və bunun əsasında ixtisas seçimi həyata keçirilir. İxtisas seçiminin yekun nəticələri açıqlanaraq hər bir universitetin qeyd olunan ixtisaslarına keçid balları "Abituriyent" jurnalında öz əksini tapır. Yəni DİM abituriyentlərə yönəlik qəbul imtahanının nəticələrini elan etdikdən sonra xüsusi jurnalda hər bir universitetin və ona aid olan ixtisasların minimum keçid ballarını ictimaiyyət üçün dərc edir. Bu halda təhsil mütəxəssisləri də bununla bağlı müəyyən analizlər həyata keçirərək ictimaiyyətə, valideynlərə, yanımıza gələn abituriyentlərə proqnozlar verə bilirik".

Ekspert qeyd etdi ki, DİM xüsusi təyinatlı akademiyalarla bağlı keçid balları haqqında rəsmi məlumat vermir:

"Məsələn, Dövlət Təhlükəsizlik Xidməti Akademiyasına, Polis Akademiyasına, hərbi akademiyalara keçid balları ilə bağlı Dövlət İmtahan Mərkəzinin özünün də ictimaiyyəti məlumatlandırması yerində atılmış addım olardı. Çünki əks halda Polis Akademiyasına aid nəticələri Polis Akademiyası ilə, yaxud DİM ilə əlaqə saxlayıb öyrənməyə çalışırıq. Ən son olaraq, sosial mediada analiz etdiyimiz zaman görürük ki, bütün müsabiqə şərtlərini ödəyən və 450 bal toplayan abituriyent Polis Akademiyasına qəbul olmayıb, amma 451 bal toplayan abituriyent qəbul olub. Bu statistikanın nəticələrini analiz edərək biz o qənaətə gəlirik ki, bu il Polis Akademiyasının keçid balı, misal üçün, 451 olub və yaxud ötən il 439 bal olub və s.

Məsələn, Fövqəladə Hallar Akademiyasının, Dövlət Sərhəd Xidməti Akademiyasının da keçid balı bildirilmir, qəbul imtahanında keçid balı haqqında yeni məlumat verilmir. Halbuki bu imtahanlar da DİM tərəfindən həyata keçirilir. Amma arzuolunan odur ki, ictimaiyyət üçün, yanımıza gələn valideynləri, xüsusi təyinatlı akademiyalara hazırlaşan abituriyentləri məlumatlandırmaq üçün bu məlumatlar DİM tərəfindən açıqlana.

O cümlədən valideyn özü düşünə bilər ki, uşağı Polis Akademiyasına hazırlaşır, amma sınaq imtahanlarında uşağın nəticəsi zəifdir, bu zaman artıq digər istiqamətə meyillənə bilər. Çünki xüsusi təyinatlı akademiyaların keçid balı hər il müəyyən səviyyədə olub". 

Təhsil eksperti xahiş etdi ki, necə ki, digər abituriyentlər üçün universitetlərin keçid ballarının açıqlanması Dövlət İmtahan Mərkəzi həyata keçirirsə, eyni şəkildə də xüsusi təyinatlı akademiyaların da keçid balları DİM tərəfindən rəsmi olaraq açıqlansın.  

Sevinc İBRAHİMZADƏ