"Universitetlərin yeni korpuslarını Bakıdan kənarda tikmək lazımdır" - Ekspert

 17:19 22.10.2024     488

"“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 min olması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz bu hədəfə yaxınıq".

Bunu Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman deyib.

Bu hədəf növbəti illərdə plan yerlərinin tamamilə dolması və tələbə sıxlığına səbəb ola bilərmi?

Mövzu ilə əlaqədar təhsil eksperti Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu prosesə artıq iki ildir başlanılıb. İndiyə qədər ölkəmizdə hər il 45 min tələbə ali məktəblərin bakalavriat səviyyəsinə qəbul olurdusa, bu say keçən il 60 minə çatdırıldı:

"Yeni ali məktəblər - Azərbaycan-Türkiyə Universiteti və Qarabağ Universiteti açılıb. Təkcə Qarabağ Universitetində tələbələrin sayı 1200-dür, gələcəkdə bunun artırılması nəzərdə tutulur. Bu proses növbəti iki ildə gəlib 75 minə çatacaq".

Elşən Qafarovun sözlərinə görə, problem bizim ali təhsil müəssisələrimizdə hazırkı tələbə sıxlığı buna yol verəcəyi ilə bağlıdır:

"Bu baxımdan düşünürəm ki, ali təhsil müəssisələrinin yeni korpusların Bakıdan kənarda, regionlarda tikilməsi daha məntiqli olardı. Növbəti iki ildə isə qəbul sayının 75 minə çatdırılması üçün ancaq ən yaxşı metod regionlarda olan universitetlərə daha çox üstünlük verilməsidir. Eyni zamanda ölkənin İqtisadi İnkişaf Konsepsiyasına uyğun olaraq mühəndislik, texnologiya, IT ixtisaslarına, o cümlədən aqrar sahəyə tələbə yerləri sayının artırılması daha doğru olardı".

Təhsil eksperti qeyd etdi ki, Qarabağ Universitetinin yaxın gələcəkdə ölkənin ən böyük universitetlərinə keçmə ehtimalı var:

"Xankəndidə Qarabağ Universiteti üçün yeni korpusların tikilməsi, universitetin genişləndirilməsi, nəinki Azərbaycanda, Cənubi Qafqazda, eləcə də Orta Asiya - Türk dünyası üçün ən böyük universitetlərdən birinə çevrilməsi arzuolunandır. Bununla bağlı hər ilin büdcəsində də ali məktəblərdə tələbə yerlərinin sayının artması ilə bağlı, yeni korpusların tikilməsi ilə bağlı məsələlər nəzərdə tutulub. Düşünürəm ki, biz 2026-cı ilin qəbulunda 75 min hədəfə gedib çata biləcəyik və bu gün ümumtəhsil məktəblərində olan şagird sıxlığından fərqli olaraq, tələbə sıxlığı problemi yaşanmayacaq".

Sevinc İBRAHİMZADƏ