"Məktəblərdə ekologiya adlı fənn tədris edilməlidir" - TƏKLİF
"Dünyanın bir çox ölkələrində artıq ekologiya ayrıca müstəqil fənn kimi tədris olunur. Hətta 2010-cü ildə Rusiya Federasiyasında bununla bağlı təxirəsalınmaz addımlar atıldı və ekologiya fənninin tədris proqramı, onunla bağlı layihələr planı hazırlandı. Böyük Britaniyada isə fənlərarası inteqrasiya təbiətyönümlü istiqamətləri - coğrafiya, biologiya, kimya, fizikanı bir vahid dərslik altında birləşdirdi. Amma burada da əsas motiv məhz ətraf mühitin qorunması, ekoloji şüurun, yaşıl təfəkkürün inkişafı oldu".
Bu fikirləri təhsil tədqiqatçısı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri Redaktor.az-a açıqlamasında məktəblərdə ekologiya adlı fənnin tədrisi ilə bağlı danışarkən bildirib.
O vurğulayıb ki, biz bu iki variantdan birini seçməli olsaq, mütləq mənada müstəqil fənn kimi ayrıca ekologiya fənninin tədrisinə üstünlük verməliyik:
"Özü də bu, fakültətiv deyil, əsas fənn kimi həftədə bir neçə saatlıq tədris proqramını əhatə etməlidir. Ən azından, yaşadığımız mühit və dövr, ətraf mühitlə bağlı kritik problemlər, ekoloji şüurun gücləndirilməsinin zəruriliyi bizə bu predmeti mütləq əsas fənn kimi keçirilməsini təlqin etməlidir.
Hazırda 3 fənnin - həyat bilgisi, coğrafiya və biologiya fənlərinin tərkibində ətraf mühitin qorunması, eləcə də ekoloji təfəkkürün inkişaf etdirilməsi ilə bağlı mövzular var. Həmçinin, bu il "Yaşıl dünya naminə həmrəylik dərsləri" adlı metodiki vəsait də hazırlanıb. Bunları müsbət element kimi səsləndirmək vacibdir, amma məsələyə daha qlobal müstəvidən baxmaq, daha zəruri proses kimi dəyərləndirmək üçün biz ekologiyanı əsas fənn blokları sırasına daxil etməli və onunla bağlı nəzəri-praktiki bacarıqları şagirdlərə aşılamalıyıq".
Mütəxəssisin sözlərinə görə, bununla bağlı beynəlxalq təcrübələrdən, ayrı-ayrı ölkələrin şagirdlərdə ekoloji şüuru, yaşıl təfəkkürü artırmaq üçün istifadə etdiyi metodlardan biz də yaralanmalıyıq:
"Eləcə də BMT-nin 2015-ci ildə qəbul etdiyi "Dayanıqlı İnkişaf Məqsədləri"nin şagirdlər arasında təbliğinə aid beynəlxalq metodistlər qrupu tərəfindən hazırlanmış nümunəvi dərs planları məktəblərdə məhz ekologiya fənninin tədris proqramına əlavə edilməlidir. Onu da qeyd edək ki, bu planların hamısı nə gözəl ki, Azərbaycan dilinə tərcümə edilib və istifadə üçün nazirliyin www.trims.edu.az portalına yerləşdirilib.
Amma vahid "Ekologiya" dərsliyi hazırlanmadığı, bu fənn müstəqil sahə kimi tədris olunmadığı halda bu sahə ilə bağlı xeyli sayda mövzuların yararlığı da az olacaqdır. Çünki hazırda ekoloji şüuru inkişaf etdirən mövzular 3 fənnin daxilində səpələnmiş halda keçirilir və onun zəncirvari effekt, zəncirvari rabitə missiyası itir. Ekologiya fənninin kurikulumu Elm və Təhsil Nazirliyinin mütəxəssisləri, ARTİ-nin əməkdaşları tərəfindən mütləq və təxirəsalınmaz addım kimi işlənilməlidir".
Sevinc İBRAHİMZADƏ