Uşaqlar üçün işgəncə aləti, müəllimlər üçün repititorluq vasitəsi - İbtidai sinif dərslikləri

 09:56 24.10.2024     516

"Orta məktəblərdə ibtidai sinif dərslikləri, uşaqların təhsilə ilk addımlarını atdıqları və təməl bilikləri mənimsədikləri ən vacib resurslardan biridir. Təəssüf ki, mövcud dərsliklərdə hələ də bir sıra problemlər qalmaqdadır. Bu dərsliklər uşaqların yaşına və inkişaf səviyyəsinə uyğun olmalı, həmçinin onların maraq və ehtiyaclarını qarşılamalıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov sosial media hesabında paylaşıb.

 “Uşaqların təhsil təcrübəsi onların maraqları və təbii şəkildə öyrənmək ehtiyacları ilə uyğun gəlməlidir. Təhsil prosesi tədqiqat və kəşf üzərində qurulmalıdır", - o, təhsil tədqiqatçısı John Deweydən sitat gətirib.

Ekspertin sözlərinə görə, bu yanaşma göstərir ki, ibtidai sinif dərslikləri yalnız nəzəri biliklərdən ibarət olmamalı, həm də şagirdlərdə yaradıcılığı, tənqidi düşüncəni və problemi həll etmə qabiliyyətlərini inkişaf etdirməlidir:

"Hazırkı dərsliklər məzmunca çox qəliz, lazımsız informasiya ilə dolu və çox mürəkkəbdir. Bu isə şagirdlərin tədris prosesindən uzaqlaşmasına səbəb olur.

Linda Darling-Hammond dərsliklərdə praktiki yanaşmanın əhəmiyyətini vurğulayaraq bildirir ki:

 “Uşaqlar üçün dərsliklər real həyatda istifadə edə biləcəkləri bacarıqlar aşılamalı və onların maraqlarına uyğun məzmunla zənginləşdirilməlidir.”

Beləliklə, dərsliklər uşaqların maraq dairələrinə və qavrama qabiliyyətlərinə uyğun hazırlanmalı, eyni zamanda tədris prosesində interaktiv və praktiki yanaşmalar ön planda olmalıdır. Uşaqlara təkcə məlumat ötürmək deyil, onları gələcəyin düşünən və problemləri həll edən vətəndaşları kimi yetişdirmək əsas məqsəd olmalıdır. Dərsliklərin məzmun keyfiyyətini artırmaqla yanaşı, metodik yanaşmalar da təkmilləşdirilməlidir ki, şagirdlər həm dərslərdən zövq alsın, həm də dərindən öyrənsinlər".

Sevinc İBRAHİMZADƏ