"Dövlət İmtahan Mərkəzindən test hazırlama səlahiyyəti alınmalıdır" - AÇIQLAMA
Azərbaycanda uzun illərdir ki, abituriyent yaşına çatan şagirdlər repetitorların yanına üz tutur. Hətta 10-11-ci sinifdə təhsil alanlar fiziki yorğun və ya vaxt azlığına görə məktəbdə davamiyyətsizlik edirlər. İmkanı olan ailələr isə məktəb direktoruna "aylıq" verərək övladlarını dərslərdən azad etdirir və yalnız repetitor yanına göndərirlər.
Bəs dərsə davamiyyəti ikinci planda saxlamaq nə qədər düzgündür?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, bu həm də repetitorluğun artmasının gətirdiyi problemlərdəndir. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin öz proqramı, öz dərslikləri, öz tələbləri var və bu gün təhsil məktəbində oturmaqla şagird heç bir halda ali məktəbə qəbul ola bilmir:
"Çox nadir hallarda ola bilər. Amma o da o demək deyil ki, heç bir fəndən repetitor yanına getmir. Bir neçə fənndən getmək şərti ilə. Məsələ burdadır ki, bunlar ümumilikdə təhsil sisteminə etimadsızlıq yaradır. Hər bir valideyn istəyir ki, övladı ali məktəbə daxil olsun. Dövlət büdcəsindən ümumtəhsil məktəbində təhsil alan hər bir şagirdə təqribən illik 1500 manat xərclənirsə, valideyn bundan da çox vəsaiti repetitorlara xərcləyir. Təbii ki, bu proses ürəkaçan deyil. Vəziyyətdən çıxmaq üçün müəyyən tədbirlər görmək lazımdır. Bu tədbirlər ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzindən test hazırlamaq səlahiyyəti alınmalıdır. Biz illərdir bunu təklif edirik. Prezident yanında, ya da Nazirlər Kabineti yanında Testologiya İnstitutu yaradılmalıdır. Qəbul imtahanları, buraxılış imtahanları, hazırda abituriyentlərin məktəbdə öyrəndikləri bilik-bacarıqlara uyğunlaşdırılmalıdır. Bu, eyni zamanda repetitorluğun da minimuma enməsinə gətirib çıxardacaq, məktəblərə inam, etimad artacaq, davamiyyət problemi olmayacaq, eyni zamanda, davamiyyətlə bağlı müəyyən neqativ halların da qarşısını almaq olar".
Ekspertin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin qəbul proqramı ümumtəhsil məktəblərində keçirilən proqramlara uyğunlaşdırılmalıdır.
"Praktiki olaraq nəticələr bu gün hamını qane edir. Burada ən çox əziyyət çəkən repetitor yanına gedən şagirdlərdir. Onlar ikiqat yüklənir, psixologiyası pozulur, fiziologiyası pozulur. İkinci əziyyət çəkən valideyndir, dövlətin hər bir şagirdə ayırdığı vəsaitdən əlavə olaraq dediyimiz kimi ödəniş ödəyir. Repetitorun nəticələrindən məmnun olan məktəbdir, təhsil sistemidir və təbii ki, özünə əlavə iş yeri tapan müəllimlərdir, hazırlıqla məşğul olanlardır, uduzan isə cəmiyyətdir. Çünki bu gün ikiqat, üçqat yüklənmiş yeniyetmələr sabah psixoloji cəhətdən dözümsüzlük ilə yaşayırlar və böyüdükcə də bu proses davam edir. Nəticədə hər bir kəsin beynində şüuraltı olaraq ali məktəbə müəyyən bal yığıb daxil olmaqdır. Dövlətə, cəmiyyətə fayda vermək hədəfi çox azdır.
İstənilən halda ciddi problemdir, həm təhsil sistemi üçün, həm cəmiyyət üçün, həm də təhsil sisteminin tərəfləri üçün, xüsusilə də şagirdlər üçün. Bunun üçün dediyimiz kimi, ilk növbədə Dövlət İmtahan Mərkəzinin qəbul proqramı ümumtəhsil məktəblərində keçirilən proqramlara uyğunlaşdırılmalıdır. Dövlət İmtahan Mərkəzinə test hazırlama səlahiyyəti alınmalıdır və Dövlət İmtahan Mərkəzi testi keçirilən texniki quruma çevrilməlidir", - deyə Elşən Qafarov vurğuladı.
Türkan İSGƏNDƏRLİ