İbtidai sinif şagirdlərini dahi sayan, müəllimləri çaşbaş salan dərslik müəllifləri kimlərdir? - AÇIQLAMA

 16:41 25.10.2024     912

İbtidai sinif dərslikləri uşaqlar üçün işgəncə alətinə çevrilib. Çünki bu dərsliklər demək olar, ancaq nəzəri biliklərdən ibarətdir. Lakin şagirdlərin yaradıcılığını inkişaf etdirmək, onlarda tənqidi düşüncəni və problemi həll etmə qabiliyyətini formalaşdırmaq vacibdir. Bunun da təməli ibtidai sinifdə qoyulur. 

Bəs ibtidai sinif dərslikləri necə tərtib olunmalıdır ki, həm uşaqlara qəliz olmasın, həm də maraqlı məlumatları ehtiva etsin?

Bu barədə millət vəkili Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, dərsliklərlə bağlı problem uzun müddətdir var və orta məktəb dərsliklərində də özünü zaman-zaman göstərir:

"Bu dərsliklərə yenidən baxılmalıdır. Əvvəlki dövrdə dərsliklər o sahənin ən yüksək biliciləri tərəfindən hazırlanıb yazılırdı. Sonrakı dövrdə isə bu, tenderlər vasitəsilə həyata keçirildi və nəşriyyatlara verildi. Nəşriyyatlar istədikləri adamlara da bu kitabları sifariş verdilər və dərslik yazmağa başladılar. Əslində, dərsliklər bu qaydada yazılmalı deyil. Sovet dövrünə, müstəqilllik dövrünə baxanda görmək olur ki, məsələn, riyaziyyat dərsliyi, bu sahə üzrə ən yaxşı azərbaycanlı riyaziyyatçı alim tərəfindən hazırlanırdı, tarix üzrə eyni qaydada, digər sahələr də bu şəkildə idi. Bu ənənəni bərpa eləmək lazımdır".

Millət vəkilinin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin bununla bağlı müəyyən layihələri var:

"Amma düşünürəm ki, biz proses sürətləndirməliyik və bütövlükdə bu proses təhlil olunduqdan sonra yenidən daha anlaşıqlı və insanların başa düşə biləcəyi formada dərsliklərin hazırlanmasına başlanılmalıdır".

Təhsil eksperti Əmrah Həsənli də ibtidai sinif dərsliklərindən narazılığını bildirdi. O, qeyd etdi ki, son vaxtlar repetitorlara tələbat nəzərəçarpacaq dərəcədə artıb:

"Acınacaqlısı odur ki, fərdi hazırlıqlara müraciət edənlər arasında nəinki ali məktəbə hazırlaşanlar, hətta ibtidai sinif şagirdləri, birinci sinifdə oxuyanlar belə yer alır. Dərsliklərdə terminlərdən aşırı dərəcədə istifadə olunması, yaş səviyyəsinin nəzərə alınmaması ibtidai sinif şagirdlərinin qavrama qabiliyyətinin inkişafını əngəlləyir. Sözügedən siniflər üçün nəzərdə tutulan dərs vəsaitlərində mövzu davamlılığı yoxdur və sistemli şəkildə təqdim olunmur. İkincisi, yaş səviyyəsinə uyğun deyil. Dərsliklərdəki mövzular qarşısında yalnız ibtidai sinif şagirdləri deyil, eyni zamanda müəllimlər və valideynlər də çaşbaş qalır".

Ə.Həsənlinin sözlərinə görə, mövzular arasında keçidlərin olmaması və ya uğursuz olması dərslikləri anlaşılmaz edir:

"Misal olaraq deyə bilərəm ki, bir tədris fənni üzrə dərsliklər belə iki hissəyə bölünür: 1-ci və 2-ci hissə. Buna görə də valideyn il ərzində bir fənnə görə bir deyil, iki ədəd iş dəftəri almaq məcburiyyətində qalır. Belə olan halda, valideyn birinci sinifdə oxuyan övladı üçün repetitor axtarışına çıxır. Bütün bunlar onu göstərir ki, həmin dərsliklər ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmayıb. Tərtibatçılar sanki uşaqların beyin inkişafına qarşı çıxırlar. Çünki dərsliklərdə beyin inkişafı qətiyyən gözlənilmir. Bu isə onu göstərir ki, müəlliflərin tanıdığı ibtidai sinif şagirdləri hər şeyi həll edə bilən dahilərdir. Həmin kitabların müəlliflərini isə nə müəllimlər tanıyır, nə də təhsil ictimaiyyəti. Bu və digər hallar keyfiyyətli təhsil sisteminin qurulmasına mane olur" .

Təhsil eksperti qeyd etdi ki, bir çox yayımlar var ki, maraqlı və sistemli şəkildə dərs vəsaitləri nəşr edirlər:

"O dərs vəsaitləri ki, bizim peşəkar ibtidai sinif müəllimlərimiz tərəfindən hazırlanır. Qurum müəllif tapmaqda çətinlik çəkirsə, həmin ibtidai sinif müəllimlərinə müraciət etsinlər. Ən azından bəlkə bu problemləri həll etmiş olarıq".

Sevinc İBRAHİMZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

2