Ekspert dərsliklərdəki ziddiyyətlərdən DANIŞDI - "Hər bir fənnə görə kabinet yaradılmalıdır" - FOTO

 17:15 04.11.2024     5091

Bəzən dərsliklərdə təzadlıq bildirən fikirlərlə rastlaşmaq olur. Məsələn, aşağı sinifdəki tarix kitabında söylənilən fikir, yuxarı sinif tarix kitabında təkzib edilə bilir. Bu isə şagirdlərdə fikir qarışıqlığına səbəb olur. 

Bəs bu cür halların baş verməməsi üçün tarix kitabları nə üçün tarixçilər tərəfindən yazılmır?

Məsələ ilə əlaqədar təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, önümüzdəki tarix dərsliyində daha dəqiq elmi araşdırmalara, düzgünlüyə söykənən mənbələrə istinad edilməlidir:

"Belə olduğu halda da tarix dərsliklərini məhz ixtisas sahiblərinin yazması vacibdir. Bununla bağlı mən düşünürəm ki, konkret bir tarix komissiyası, fənn kabineti yaradılmalıdır və burada pedaqoji heyət cəmləşməlidir. Təkcə Elmlər Akademiyasının mütəxəssisləri deyil, eyni zamanda məktəblərdə işləyən müəllimlər də bu prosesə cəlb olunmalıdırlar. Bu komissiya konkret olaraq tarix dərsliklərini elə tərtib etməlidir ki, orada hər hansı səhvlər yer almasın".

E.Əfəndi qeyd etdi ki, ayrı-ayrı siniflərdəki ziddiyyətli məqamlar qəbul imtahanı dövründə abituriyentləri çaşdırır:

"Bu cür texniki və elmi səhvlərə biz digər dərsliklərdə də rast gələ bilirik. Ona görə də ən optimal yol budur ki, təkcə tarix fənni üçün deyil, hər bir fənnə görə kabinet formalaşdırılsın və orada konkret mütəxəssislər dərslikləri hazırlasınlar",

Sevinc İBRAHİMZADƏ

 

 

2