"Müəllimlərin əmək haqqından vergi tutulmamalıdır"

 16:50 09.11.2024     4745

Müəllimlərin əmək haqqından vergi tutulmaması təhsilin inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir.

Redaktor.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, vergi yükünün azaldılması müəllimlərin gəlirlərini artıraraq onların sosial rifahını yüksəldər.

"Müəllimlər cəmiyyətin gələcəyini formalaşdıran ən önəmli peşə sahiblərindən biridir və onların rifahının yüksəldilməsi təhsilin keyfiyyətini birbaşa təsirləndirir. Maddi dəstəyin gücləndirilməsi isə müəllimlərin iş motivasiyasını artıraraq, yüksək keyfiyyətli təhsilin təmin olunmasına kömək edir. Bir çox inkişaf etmiş ölkədə müəllimlərə xüsusi vergi güzəştləri tətbiq edilir. Məsələn, Skandinaviya ölkələrində müəllimlərə azaldılmış vergi yükü ilə yanaşı sosial dəstəklər də verilir ki, bu da onların motivasiya ilə fəaliyyət göstərməsinə imkan yaradır. Bu cür təcrübələr ölkələrdə təhsilin səviyyəsini yüksəldir və gələcək nəslin inkişafına töhfə verir.

Vergi yükünün azaldılması müəllimlərin gəlirlərini artıraraq onların sosial rifahını yüksəldər və maddi sıxıntılardan uzaq bir şəkildə fəaliyyət göstərməsinə şərait yaradar. Bu isə müəllimlərin işə daha çox diqqət ayırmasına, peşəkar inkişaflarına investisiya etmələrinə və təhsilin keyfiyyətini artırmalarına imkan verər. Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır. Bu güzəştlər gənc müəllimlər üçün də təhsildə qalmaq üçün cəlbedici bir mühit yaradar".

Təhsil eksperti qeyd edib ki, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verər.

"Beləliklə, peşəkarlıq artır, müxtəlif kurslar və təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edir və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar.

Müəllimlərin əmək haqqından vergi tutulmaması onların maddi rifahını və iş şəraitini yaxşılaşdırmaqla, təhsilin keyfiyyətinə və cəmiyyətin inkişafına mühüm təsir göstərər. Dövlətin bu sahədə müsbət addımlar atması gələcək nəsillərin inkişafı və cəmiyyətin rifahı üçün vacibdir", - deyə K.Əsədov vurğulayıb.

Türkan İSGƏNDƏRLİ