Təhsil kartlarında hansı güzəştlər olmalıdır? - AÇIQLAMA

 11:47 14.11.2024     769

"Təhsil kartının endirim, güzəşt paketlərində muzey, teatr, kinoteatr və bu kimi mədəni qurumlar, eləcə də bir neçə sanballı istirahət məkanlarının da adının olması pis olmaz. Bu endirimlərin tətil günlərində daha da əlverişliliyi lap yerinə düşərdi".

Redaktor.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elmin Nuri təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartlarını şərh edərkən bildirib. Onun sözlərinə görə, müəllimlik təəssüf ki, ən az istirahət edən peşələr cərgəsindədir.

"Şəxsən tanıdığım yüzlərlə müəllim tanışın təcrübələrinə əsasən bunu deyirəm. Məktəbdən evə çox iş aparılır. Bir tərəfdən də stress, xəstəlik, qayğılar və s. Heç olmasa, tətil günlərində bu şansdan yararlanıb istirahət edə bilsinlər. Müəllimin özünübərpası həm də məktəb üçün yeni oksigen balonu rolunu oynayacaq", - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, təhsil işçiləri üçün dəyişikliklər və imtiyazları birlikdə birləşdirən təhsil kartları hazırlanacaq. Onların gələn il istifadəyə verilməsi gözlənilir.