Ekspert yaşıl təhsildən DANIŞDI - "Bunun üçün məktəblərdə..."

 15:36 15.11.2024     639

"COP29 tədbirlərdən sonra yəqin ki, yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə iş daha da sürətlənəcək". Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Bəs yaşıl təhsil nədir və bu, məktəblərdə, universitetlərdə necə tədris oluna bilər?

Bu barədə təhsil eksperti Elnur Hacıyev Redaktor.az-a açıqlama verib. Onun sözlərinə görə, yaşıl təhsil ətraf mühitin qorunması, ekologiya ilə bağlı biliklərin, bacarıqların aşılanmasını özündə ehtiva edən təhsildir:

"Bu təhsil sistemi öyrənənləri təbii resursları qorumağa və sağlamlığı təmin etməyə təşviq edir. Yaşıl təhsil məktəb və universitetlərdə davamlı inkişaf məqsədlərinə töhfə verməyi hədəfləyir. Yaşıl təhsil öyrənənlərə təbii resursların düzgün istifadəsi və gələcək nəsillər üçün daha sağlam mühit təmin etmə yollarını öyrədir. Biomüxtəliflik, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi kimi mövzularla bağlı biliklər aşılayır. Təbiətlə əlaqələrini gücləndirir və ekoloji davranışlar formalaşdırır. Geri dönüşüm, enerji səmərəliliyi, tullantıların idarə olunması və ekologiyanı qoruma ilə bağlı praktiki bacarıqların formalaşdırır".

Təhsil eksperti kimlərdir?

Ekspert bildirib ki, yaşıl təhsilin tədrisi üçün məktəblərdə riyaziyyat, kimya, biologiya, coğrafiya kimi fənlərdə davamlı inkişaf mövzularının olması zəruridir:

"Ekologiya, iqlim dəyişikliyi və təbii resursların idarə olunması kimi fənlərin tədrisə salınması yaşıl təhsilin göstəricilərindən biridir. Şagirdlər və tələbələr ekoloji problemləri həll etməyə yönəlik real layihələr hazırlaya bilərlər. Təhsil müəssisələrində yaşıl təhsilin tədrisi ilə daha təmiz və sağlam bir gələcəyə töhfə vermək mümkündür".

Sevinc İBRAHİMZADƏ