"30 ildə DİM abituriyenlərin xeyrinə fayda verməyib, imtahan suallarını nazirlik hazırlamalıdır" - Ekspert

 15:35 23.11.2024     110

Gələn ilin buraxılış imtahanlarında yenilik olacaqları ilə bağlı bir sıra xəbərlər yayılıb. Deyilənə görə, ötən illərə nisbətən gələn il suallar sadələşdiriləcək. 

Bəs bu xəbərlər həqiqəti nə qədər əks etdirir və hansı dəyişikliklər gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, gələn il imtahanlarda hər hansı bir dəyişiklik nəzərdə tutulmur.

"Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva bu məsələ ilə bağlı İctimai Televiziyada bir fikir səsləndirib. Əslində səsləndirdiyi fikirdə dəyişikliklə bağlı heç bir şey yoxdur. Sadəcə olaraq, onun fikri mediada yanlış əks etdirilib. Fikrimcə, Dövlət İmtahan Mərkəzi ümumiyyətlə, köklü dəyişikliklər etməlidir. Yəni birincisi, DİM elə bir quruma çevrilməlidir ki, o, şəffaflığını qoruyub saxlaya bilsin. Amma artıq Dövlət İmtahan Mərkəzi ilə bağlı müəyyən müzakirələr getməyə başlayıb. Bu da artıq ondan xəbər verir ki, 30 ildən artıq fəaliyyət göstərən bir qurum bu günə qədər abituriyentlərin xeyrinə bir fayda verə bilməyib. Sadəcə olaraq bir neçə il bundan əvvəl ancaq situasiya tipli suallar saldı ki, bu da ümumilikdə abituriyentlərin ziyanına oldu. Məsələn, abituriyent imtahan verib nəticələrini bildiyi halda bu, açıq tipli suallara görə məcburdur ki, bir neçə gün və yaxud da ki, həftə bunu gözləmiş olsun. Buna görə bəzi narazılıqlar yaranır ki, Dövlət İmtahan Mərkəzinin şəffaflığı artıq tam təmin olunmur və müəyyən şübhələr yaradır". 

Ekspertin sözlərinə görə, imtahan suallarını Elm və Təhsil nazirliyi hazırlamalıdır.

"Təəssüf edirəm ki, Dövlət İmtahan Mərkəzində yeni struktur islahatı getmədi, ciddi yenilik aparılmadı. Yaxşı olardı ki, Dövlət İmtahan Mərkəzi ancaq imtahanı keçirən bir qurum olsun. Test bankını hazırlayan ayrı bir institut olmalıdır və yaxud da ki, imtahana təhsil planına, tədrisə uyğun suallar qoyulmalıdır. Bunu da məncə, Elm və Təhsil nazirliyi hazırlamalıdır. Həm də artıq son yeniləşən nəsil artıq bu cür qəbul qaydalarını qəbul etmir. Dünyanın heç bir yerində qruplara görə qəbullar yoxdur. Qəbullar ixtisas, peşəyə görə keçirilir. Yəni bütün bunların hamısını nəzərə alsaq, Dövlət İmtahan Mərkəzi üzərində böyük məsuliyyət düşür və ciddi dəyişiklik tələb edir". 

Türkan İSGƏNDƏRLİ