"Məktəblərdə dinin təbliğatı birmənalı qarşılanmır, bunun yerinə..." - Ekspertdən TƏKLİF

 16:09 27.11.2024     841

"Azərbaycanda insanlar dini təhsilə cəlb olunmalıdır ki, onlarda milli, ideoloji şüur formalaşsın". Bunu millət vəkili Hikmət Babaoğlu parlamentin iclasında bildirib.

Bəs məktəblərdə ayrıca din dərsi keçirilməlidir? Bu, neçənci sinifdən etibarən ola bilər?

Bu barədə təhsil eksperti Əmrah Həsənli Redaktor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsi dövlət və dinin ayrılığı barəsində əsas müddəadır. Dövlət orqanı olaraq konstitusiyanın din və dövlət ayrılığı dediyi bir əsasda dinin dövlət müəssisələrinə daxil olması bir növ konstitusion quruluşun pozulmasına gətirib çıxara bilər:

"Hər bir fərdin intellektual olaraq formalaşması bizim təhsil müəssisələrimizdən başlayır. Ölkə rəhbərimizin son illər ərzində multikultural dəyərlərə önəm verdiyi anda dinin təbliğatı intellektual düşüncələrin kəmləşməsinə səbəb ola bilər. Dini etnik qruplardan asılı olmayaraq, din təbliğatı və dinin öyrənilməsi sahəsində tədris ola bilər. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin müəyyən bir hissəsi dinə inanmayan və ateistlik təbliğatçısıdır. O zaman dini, irqi ayrı seçkiliyin qarşısının alınması və dinin təbliğatı birmənalı qarşılanmır. Nəzərdə tutulan fənnin təkmilləşdirilərək "multikulturalizm" adı altında tədris etmək daha məqsədəuyğundur".

Əmrah Həsənli (@emrahhasanlii) • Threads, Say more

Ekspertin sözlərinə görə, hal-hazırda orta məktəblərdə və ali təhsil müəssisələrində məzmun olaraq eyni, ad olaraq müxtəlif fənnlər tədris olunur:

"Azərbaycan dövləti olaraq irqindən, dinindən, cinsindən fərqi olmayaraq hər kəs bərabərhüquqludur. Bunu konstitusiyanın 25-ci maddəsi təsdiq edir. Multikultural dövlətdə din adı altında tədrisin aparılmasındansa, yuxarıda qeyd etdiyim kimi "multikulturalizm" fənnini tədris edərək bütün xalqların həm dini inanclarını, həm milli inanclarını öyrənmək olar. Bu fənnin tədrisinin orta məktəbdə 8-11-ci siniflərdə keçirilməsi labüddür".

Sevinc İBRAHİMZADƏ