"Ucqar kəndlərdə təhsil alan uşaqlar üçün pulsuz nəqliyyat vacibdir" - Təhsil eksperti

 17:05 28.11.2024     1327

"Ucqar kəndlərdə yaşayan uşaqlar başqa məktəbdə daha keyfiyyətli təhsil alarsa, onlar üçün pulsuz nəqliyyatla təminat vacibdir. Ayrı bir avtobus sisteminin yaradılması müəyyən xərclər tələb etsə də, dövlət dəstəyi ilə bu, mümkün ola bilər. Əvvəlcə bir neçə kənddə bu üsulu sınaq məqsədilə tətbiq etmək olar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elnur Hacıyev deyib.

Onun sözlərinə görə, bu, həm təhsilin əlçatanlığını artırar, həm də uşaqların məktəbə davamiyyətini yaxşılaşdırar:

"Ucqar məktəblərdə təhsil alan şagirdlərin əksəriyyəti hazırda həm keyfiyyətsiz təhsil alır,  həm də çətin relyefdən keçməli olurlar. Bəzən heyvan hücumlarına və ya digər təhlükələrə məruz qalırlar. Xüsusilə qış və ya yağışlı havalarda vəziyyət daha təhlükəli hal alır. Ödənişsiz avtobus xidməti onların təhlükəsizliyini təmin etməklə yanaşı, valideynlərin də narahatlığını azaldar. Avtobus xidməti yalnız nəqliyyat vasitəsi deyil, həm də uşaqlar üçün daha yaxşı sosiallaşma mühiti yaradar. Daha şəraitli və keyfiyyətli təhsil mühiti olan məktəbə pulsuz nəqliyyatla gedən şagirdlərin təhsil alma motivasiyası da artır, çünki daha asan və rahat şəkildə məktəbə gedə bilirlər".

Elnur Hacıyev

Ekspert bildirib ki, ucqar kəndlərdə təhsil almaq, infrastruktur çatışmazlığı, müəllimlərin qıtlığı və nəqliyyat problemləri şagirdlər arasında təhsil fərqliliklərinə səbəb ola bilir:

"Ucqar kənd şagirdlərinin  yaxın məktəblərdə oxuması daha keyfiyyətli təhsilə çıxışı təmin edə bilər.
Eyni zamanda regionlar arasında təhsil imkanlarını da bərabərləşdirər. Rahat və keyfiyyətli təhsilə əlçatanlılıq artdıqca gələcəkdə həmin bölgələrdə savadlı və ixtisaslı kadrlar yetişər. Şagirdlərin təhsildən kənarda qalma ehtimalı azalar, bu da erkən nikah və ya uşaq əməyindən istifadə hallarını azaldar. Həmin kəndlərdə məktəb avtobusunun təşkil olunması təkcə şagirdlərin məktəbə getməsini asanlaşdırmır, həm də onların təhlükəsizliyini təmin edir, təhsilə motivasiyanı artırır və sosial bərabərliyi təşviq edir. Bu addım yalnız qısamüddətli həll deyil, uzunmüddətli inkişafı hədəfləyən bir xidmət olar".

Sevinc İBRAHİMZADƏ