Orta məktəblərin birnövbəli sistemə keçidi təklif edildi - SƏBƏB
Əvvəllər məktəblərin nəzdində qiyabi qruplar fəaliyyət göstərirdi. Burada əsas məqsəd gənclərin və yaşlıların tam orta təhsil almalarına imkan yaratmaq idi. İşləyən və gündüz dərslərində iştirak edə bilməyənlər qiyabi qruplar axşam dərslərinə qoşulurdular.
Bəs niyə hazırda axşam məktəbləri fəaliyyət göstərmir?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirib ki, əvvəllər məktəb sayı az olduğu üçün, o cümlədən əhalinin sıxlığı səbəbindən belə qərara alınmışdı. Amma hazırda ölkədə 4400-dən çox ümumi və tam orta təhsil müəssisəsi fəaliyyət göstərir və 1 milyon 600 mindən çox şagird təhsil alır:
"Tam olaraq axşam şöbəsi olmasa da, bəzi yerlərdə əhalinin sıxlığı və məktəblərin azlığı səbəbindən ikinci növbə yaradılıb və yenə də şagirdlər axşam saatlarında - saat 6-da, 7-ə işləmiş dərsdən çıxırlar. Yəni iki növbəli bir sistem tətbiq olunub. Kənd yerlərində isə əhali, təəssüflər olsun ki, əvvəlki qədər deyil. Onların böyük əksəriyyəti iri şəhərlərə, əsasən də paytaxta köçürlər və nəticə etibarilə məhz orada da, kənd məktəblərində də bir növbəli sistem, bəzi hallarda iki növbəli sistem tətbiq olunur. Axşam şöbələri isə demək olar ki, yoxdur. İstisna hallarda bəzilərində ola bilər, bu da əsasən qəsəbə tipli məktəblərdir ki, onlarda şagird sayı çoxluğu, məktəbin balacalığı səbəbindən tətbiq oluna bilər".
Ekspertin sözlərinə görə, axşam məktəblərinin formalaşmasına ehtiyac yoxdur:
"Çünki əsasən biz tərəfdarıyıq ki, bir növbəli sistem tətbiq olunsun, məktəblərdə və əhalinin sıx məskunlaşdığı ərazilərdə yeni məktəblər tikilib istifadəyə verilsin və yaxud mövcud məktəblərin korpusları yaradılsın. Çünki iki növbəli sistemdə artıq şagirdlərdə yorğunluq olur. Eyni zamanda günün ikinci yarısı informasiyanın qəbulu ilə bağlı bəzi hallarda çətinlik çəkirlər. Bu nöqteyi-nəzərdən birnövbəli və səhər çağları dərslərin tədris olunması daha məqsədəuyğundur".
Sevinc İBRAHİMZADƏ