Xırdalanda məktəb yolunda təhlükə: Valideynlər şikayət etdi - VİDEO

 14:38 03.12.2024     278

Abşeron rayonu Xırdalan şəhər 3 saylı məktəb-liseyində övladı oxuyan bir qrup valideyn şikayət edib.

Onlar Redaktor.az-a bildiriblər ki, övladını məktəbə gətirən valideynlər səhər və günorta saatlarında əsas yoldan məktəbə qədər olan yolu şəxsi avtomobilləri ilə iflic edirlər.

Bununla da onlar ərazidə olan piyaladaların, ən əsası azyaşlı şagirdlərin həyatı üçün təhlükə yaradırlar.

Valideynlərdən biri redaksiyamıza bunları deyib:

“Hər gün səhər və günorta saatlarında bu yolda böyük tıxac yaranır. Bu gün məktəbdən övladımı götürmək üçün iyirmi dəqiqə yolda gözləmişəm. Təsəvvür edin ki, elə bir tıxac yaradırlar ki, heç piyada keçməyə belə yol olmur. Biz sizdən xahiş edirik şəxsi avtomobili ilə bu yola daxil olan valideynlərə tapşırıq verilsin. Övladım birinci sinifdə oxuyur, neçə dəfə az qalıb ki, uşağı maşın vursun. Biz istəyirik ki, həmin valideynlər maşınlarını əsas yolun qırağında saxlayıb məktəbə qədər olan məsafəni bizim kimi piyada getsinlər. Yüz metr məsafəni piyada getmək heç kim üçün çətin deyil. Əsas odur ki, uşaqlarımızın həyatı üçün təhlükə olmasın. Yağış yağdığı üçün yolda çalalar əmələ gəlib və avtomobili elə kobud idarə edirlər ki, hər dəfə məktəbə gedib-gələndə bir dəst paltardan çıxırıq, üst-başımız batır”.

Vasif ƏLİHÜSEYN

 

222