Azərbaycanda yeni ixtisaslar yaradıldı - Ekspert: "Bəs həmin ixtisasların tədrisini kimlər həyata keçirəcək?"
"Nazirlər Kabinetinin qərarına əsasən, "Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları artıq gələn ildən etibarən universitetlərin bakalavriatura səviyyəsində tədris olunacaq. Düşünürəm ki, yeni tədris olunacaq bütün 7 ixtisas əmək bazarının tələblərinə əsasən yüksək şəkildə proqnozlaşdırılıb və bu istiqamətdə qarşıdakı dönəm üçün praktikilik göstəricisi dəqiqliklə hesablanıb".
Bu fikirləri təhsil tədqiqatçısı Elmin Nuri Redaktor.az-a açıqlamasında söyləyib.
O, xüsusilə iki ixtisasın - “Data analitikası” və “Proqram təminatı mühəndisliyi”nin adını çəkib:
"Artıq dünya əmək bazarında bu iki ixtisasın yeri, kadr potensialına olan tələbat pik həddinə çatmaqdadır. Süni intellekt əsrinin əsas danışan dillərindən biri olan data analitikasının nəinki tədrisi, hələlik anlayışın özü belə bizim üçün yaddır. Halbuki dünya miqyasında bir çox universitetlərdə bu ixtisasın tədrisinə artıq bir neçə on il bundan əvvəl təcili və təxirəsalınmaz şəkildə start verilib.
Biz isə bu prosesdə xeyli ləngisək də, nəhayət ki, əmək bazarı adına lazımı qərarı verə bildik. Amma yenə də bu zaman belə bir ciddi sual meydana çıxır: Həmin ixtisasların yerli universitetlərdə tədrisini kimlər həyata keçirəcək? Bu, həqiqətən də ciddi problemə yol açan bir sualdır. Etiraf etməliyik ki, bununla bağlı ciddi çatışmazlığımız olacaq. Çünki yeni ixtisasların demək olar ki, hamısı ilə bağlı biz nəinki pedaqoq, hətta ekspert, mütəxəssis qıtlığını belə yaşayırıq. Belə olan halda bu ixtisaslar üzrə yeni kadrlar necə və kimlər tərəfindən hazırlanacaq? Şəxsən məndə bu suallarla bağlı o qədər də pozitiv cavab yoxdur. Amma haradansa, necəsə başlamaq lazımdır. Kadr problemini qabartsaq, bu istiqamətdə daha bir neçə il geri düşəcəyik".
Mütəxəssisin sözlərinə görə, burada təxirəsalınmaz işlərdən biri də yeni ixtisaslarla bağlı ölkədə və ölkə xaricində olan mütəxəssislərin siyahısını hazırlamaq, onlarla iş proqramını formalaşdırmaq və razılaşma əsasında tədris prosesində iştirak etmələri dəqiqləşdirilmiş şəxsləri növbəti tədris ilinin başlanğıcına qədər təlim və seminarlara, xüsusi kurslara cəlb etməkdir:
"Yeni ixtisaslara aid olan mütəxəssislər daha çox əmək bazarında, istehsalatda, yəni nəzəriyyədən də çox təcrübənin yanında olan adamlardır. Onları birdən-birə universitet auditoriyalarına gətirmək o qədər də asan olmayacaq. Burada həm maddi, həm də zaman baxımından müəyyən razılaşmamalar ola bilər. Bütün bu detallar incələnməli və kadr potensialı mütləq ciddi surətdə həll olunmalıdır. Əks halda, yeni ixtisasların tədrisi, onların önəmliliyinin heç bir mənası olmayacaq. Biz bir çox ixtisaslarda olduğu kimi, burada da tədrisi qeyri-mütəxəssislərə etibar etməməliyik.
İkinci təklif isə çətin görünsə də, heç olmasa, bir-iki ixtisas üzrə bunu etməliyik. Bu, xaricdən uyğun mütəxəssislərin gətirilməsidir. Onların maaşı və digər tələbləri yüksək olsa da, sonda bizim üçün lazımı kadr bazarı formalaşdıracaqlar".
Sevinc İBRAHİMZADƏ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.