Millət vəkilindən Azərbaycanda yeni yaradılan ixtisaslara REAKSİYA

 16:26 05.12.2024     1544

Xəbər verdiyimiz kimi, ali təhsilin bakalavriat səviyyəsi üzrə “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisası olmaqla 7 yeni sahə təsnifata əlavə olunub.

Bu ixtisaslar Azərbaycan təhsilinə necə töhfə verəcək?

Bu barədə Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd etdi ki, bu proses dünya miqyasında davam edir və Azərbaycanın da bu inkişafdan geri qalmaması üçün yeni ixtisasların yaradılması önəmli addımlardan biridir:

"Elm və texnologiyanın sürətli inkişafı yeni ixtisasların yaradılmasını zəruri edir. Yeni ixtisasların yaradılması zamanın tələbidir. Dünyada, eləcə də Azərbaycanda elm və texnologiya inkişaf edir.  O mənada belə addımın atılması önəmlidir. Bu qərar həm vacib, həm də təqdirəlayiqdir. Bizim kifayət qədər savadlı, bilikli, bacarıqlı müəllimlərimiz və yeni ixtisaslar tədris edə biləcək mütəxəssislərimiz var. Yeni sahələr üzrə mütəxəssislərin hazırlanması, peşəkar müəllimlərin yetişdirilməsi paralel şəkildə həyata keçirilməlidir".

Deputat həmçinin vurğuladı ki, Azərbaycanın kifayət qədər savadlı və bacarıqlı müəllimləri mövcuddur. Buna baxmayaraq, yeni ixtisasların tədrisi üçün əlavə müəllim hazırlığına ehtiyac var.

"Yəni bu proses paralel və birgə həyata keçirilməlidir. Bu, bir-birinə bağlı formada gedə biləcək bir məsələdir. Ona görə də yeni ixtisasların yaradılması vacibdir. Eyni zamanda da həmin ixtisaslar üzrə müəllimlərin formalaşması, peşəkarlaşması istiqamətində addımlarımızı atmalıyıq. O, bizə yeni sahələr üzrə yeni mütəxəssislərin yetişdirilməsinə, formalaşmasına öz mühüm töhfəsini verəcək və yalnız müsbət bir məsələ kimi nəzərdə saxlanılacaq. Bu, ölkənin inkişafına və yeni sahələrdə mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcək. Yeni ixtisasların yaradılması və bu prosesin idarə olunması ölkənin təhsil sisteminin daha da güclənməsinə xidmət edəcək", - deyə C.Məmmədov bildirdi.

Türkan İSGƏNDƏRLİ