"Sanki başqa dünyadan gəlmişik, yaxud göydən düşmüşük" - Etibar Əliyev yazır
Uşaqlıq bizim ayrılmaq istədiyimiz başlanğıc nöqtədir. Təhtəlşüur uşaqlıqdan bizə qalan hədiyyədir. Uşaqlıq – bu eyni zamanda həm möcüzə həm də fəlakətdir. Möcüzədir, ona görə ki, biz hər gün naməlum, izaholunmayan nəsnələrlə toqquşuruq və bu da hər gün bizə yenilik kimi görünür. Fəlakətdir, ona görə ki, biz uşaqlıqdan tez çıxmaq istəyirik, lakin bunu bacarmırıq.
Uşaqlıqda biz yadellilərə bənzəyirik, sanki başqa dünyadan gəlmişik, yaxud göydən düşmüşük. Biz hər şeyə diqqətlə baxır və təəccüblənirik. Hər şey yenilikdir. Alen gözəl deyib: “uşaqlığın möcüzəsi payızın möcüzəsidir - birinci payızın”. Uşaqlıq uzun gecədən sonra açılan səhərin, yuxudan oyanmağın möcüzəsidir. Oğlan və qız. Anadan olanda onlar arasında fərq bir o qədər nəzərə çarpmır. Onlar böyüdükcə həm təbiətləri, həm də davranışları ilə bir - birindən seçilirlər. Psixoloqlara görə qızlar oğlanlardan daha tez danışır. Onlar ünsiyyətə və subyektivliyə daha yaxındırlar və digər insanlarla ünsiyyətdə özlərini suda balıq kimi hiss edirlər. Oğlan uşaqlarına eşitmək, anlamaq, qız uşaqlarına isə fəaliyyətdə olmaq xasdır. Filosof Sponvilə görə uşağın kukla və maşınla oynaması tamamilə başqa şeylərdir. “Birincidə uşaq anasını, ikincidə isə müharibəni imitasiya edir”. Həyat instinkti ölüm instiktinə qarşı çıxır. Uşaqlıq ləng və asta çəkir. Bu lənglikdə onlara çox şeyləri öyrətmək lazımdır. Sonra zaman sürətlənir və dəyişikliklər başlayır. Uşaq böyüyür, cinsi yetkinlik yaşına çatır və yeniyetməlik dövrünə qədəm qoyur. Artıq ona bədən əmr verir ruh isə onu izləyir. Uşaqlıq artıq keçmişdə baş verənləri xatırlamaq kimi qavranılır. Bu xatırlamalar bizdə yaşayır, yaxud biz onlarda yaşayırıq. Bizm hamımız keçmiş uşaqlarıq və bilirik ki, uşaqlığı qaytarmaq mümkün deyil. Onda düşünürük ki, gələcəyimiz arxada qalıb? Yox! O, qaçılmaz şəkildə həyatımıza daxil olur və indiki zaman kimi mövcud olur. Şəxsən mən keçmişi rahatlıq hissləri ilə xatırlayıram. Hər bir şəxsi onun uşaqlığı təqib edir.
Yeni ixtisaslar sırasına “Xüsusi pedaqogika” əlavə olunub. Düşüncəmə görə “Xüsusi pedaqogika”nın əsas ədəbiyyatı dahi Kantın “Pedaqogika haqqında” traktatı olmalıdır. Bu əsər hələ 100 illər boyu öz aktuallığını itirməyəcək. Həmin əsərdən: “Uşaqların əxlaqlı tərbiyəsi üçün birinci qayğı – şəxsiyyətin xarakterini formalaşdırmaqdır. Xarakter - prinsiplər üzrə fəaliyyət qabiliyyətidir. Uşaqlarda xarakter tərbiyə etmək onların bütün işlərinin məlum plan üzrə aparılmasından asılıdır. Məsələn, onlar üçün müəyyən yuxu vədəsi, işləmək vaxtı, əylənmək üçün vaxt müəyyənləşdirilməlidir ki, sonralar bu vaxtları nə qısaltmaq, nə də uzatmaq olsun”.
Kant doğruçuluğu uşaq xarakterinin əsas cizgilərindən biri sayırdı. “Yalan danışan heç bir xarakterə malik olmur. Əgər onda nə isə yaxşı bir şey varsa, bu, ancaq onun temperamenti sayəsində mümkündür. Uşaqların əksəriyyəti çox zaman təxəyyülün canlı gücü ilə izah olunan yalana meyillənirlər. Uşaqları bundan çəkindirməklə atalar məşğul olmalıdırlar, çünki analar, adətən, buna daha az əhəmiyyət verirlər və hətta bunu uşaqların xüsusi istedadının və qabiliyyətinin ürəyəyatan sübutu hesab edirlər.
Uşaqlara yalnız onların yaşına uyğun şeyləri öyrətmək lazımdır. Əgər uşaqlar lap kiçik yaşlarından yaşlılar kimi danışa bilirlərsə, bir çox valideynlər buna sevinirlər. Uşaqlar özlərinə lazım olan qədər ağıllı olmalıdırlar, daha kimisə kor-koranə təqlid etməməlidirlər. Əgər uşaq qocalara xas şəkildə kiməsə nəsihət verirsə, bu onun təbiətinə ziddir və onu getdikcə meymuna çevirir”.
Etibar ƏLİYEV,
təhsil eksperti