Tanınmış müəllimdən şokolad vermə aksiyasına reaksiya: ""Bal pətəyi“nə şəkər tozu qatmayın"

 16:54 10.12.2024     8821

"Bir müəllim kimi şagird-müəllim, tələbə-müəllim münasibətlərində səmimiyyətin və sevginin bərpa olunması yönündə atılan hər bir addım mənim üçün qənaətbəxşdir. Üstəlik bu kimi şeylərin təhsilin keyfiyyətinə təsiri olmayıb sosial şəbəkə üzərindən tirajlanmasını qınayanlar kiçik bir nüansı gözardı edir. Sevgisiz təhsil mümkün deyildir. Öyrənən öncə təlimçini sevməlidir ki, həmin sahədə qarşılaşacağı çətinliklər gözündə böyüməsin. Qarşısında güvənlə müraciət edəcəyi birinin olduğuna dair onun düşüncəsində fikir formalaşmalıdır. Bu baxımdan da, bu ikili arasında münasibətlərin məqsədli şəkildə də olsa, müsbətə doğru aparılmasında və bunun təbliğində heç bir qəbahət görmürəm".

Bunu Redaktor.az-a açıqlamasında Laçın rayonu P.Məmmədov adına 46 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Səbinə Əsədova son günlər məktəblərdə müəllimlərə tələbələr tərəfindən şokolad hədiyyə edilməsi haqda danışarkən deyib. 

S.Əsədova  şagirdlərin bu cür pozitiv görüntülərə baxmasının müsbət bir addım olduğunu bildirib:

"Kim ki, deyir şagirdlər bu yolla sosial şəbəkələrə sövq olunur, onların diqqətinə çatdırmaq istəyirəm ki, bu fikir gülünc səslənir və pafoslu çıxış olduğu üçün hökmünü itirir. Çünki kiçik yaşlardan uşaqların əlinə telefon alıb verən cəmiyyət onların o telefonla ancaq oyunlar oynamayacağını yəqin ki, proqnoz edir. Uşaqların sosial şəbəkədə uyğunsuz videoroliklərə, canlılara baxmasından daha pisdir hansısa pozitiv bir görüntünü görmələrinə sövq olunmaları?! Təbii ki, bu öz yerində.

Ancaq trend olmuş bir ideyanın təkrarlanması fərqində olmasaq da, bizi süniliyə və şəxsiyyət formalaşdırmaqda nöqsanlara yer verməyimizə aparıb çıxarır. Xoş qarşılanan bir görüntünün təkrarı isə eyni filmdə, eyni rola fərqli aktyorların ifasında baxırmışıq kimi hiss etdirir, yəni filmin sonunu giriş səhnədə artıq bilirik. Bu təkrarlanma getdikcə ilk edilmiş təşəbbüsün də səmimiyyətini şübhə altına alır. Sözsüz ki, şagirdlərimiz bizi sevsin istəyirik, amma bunun üçün onların yaradıcı olmasının qarşısını almayaq, yamsılama, özünü bənzətmənin mənfi tərəflərini onlara izah edək. Özlərinin fərdiyyət təşkil etdiyini onlara başa salaq, yeni ideyaların yaranması üçün onlara təkan olaq.

Lap başdan mən şagirdlərimlə bu trendlərin mənfi və müsbət tərəfləri haqqında müzakirələr apardığım üçün onlar bu kimi şeylərə özlərini qatmırlar. Onlar bu barədə bir şüarı da səsləndirirlər: “Biz trend yaradırıq, trendə qoşulmuruq”. Həmkarlarımı bu məsələlərdə diqqətli olmağa səsləyirəm, hər bir şəxsiyyət də özlüyündə fərdiyyət təşkil etməlidir. Arzu edirəm ki, şagird müəllim münasibətləri həmişə şirin olsun, “bal pətəyi“nə şəkər tozu qatılmasın".

Vasif ƏLİHÜSEYN