"Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik" - Emin Əmrullayev

 11:39 11.12.2024     784

"Ali təhsil müəssisələrimizin reytinq nəticələrini qaldıra bilmək üçün universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır".

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi" forumunda çıxışı zamanı deyib.

"Universitetlərin reytinqlərinin formalaşmasında ali təhsil müəssisəsinin reputasiyası, işəgötürülənlərin universitet haqqında fikirləri, tədqiqat komponentinin həcmi, müəllim və tələbə sayı, xarici tələbə və müəllim sayı kimi indiqatorlar nəzərə alınır. Bizdə bütün indiqatorlar üzrə müsbət dinamika olsa da, tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir. Elmi tədqiqatlar aparılır, amma pərakəndə şəkildədir. Tədqiqat aparan alim hansısa universiteti təmsil etməlidir. Bunu təşkil edə bilsək, universitetlərimizin reytinqi artacaq", - deyə nazir bildirib.

Nazir, həmçinin qeyd edib ki, universitetlərin sayı çox, aparılan tədqiqat sayı isə azdır:

"Buna görə də universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır. Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik. Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst cərgələrdə olacaq" (APA).