"Şagirdlərdən pul yığanlar işdən azad edilməklə cinayət məsuliyyətinə cəlb edilməlidir" - TƏKLİF
Azərbaycanda orta məktəblərdə müxtəlif bayramlarda, tədbirlərdə, məktəbə aid müəyyən əşyaların alınmasında, qiymət yazılmasında və hətta müəllimlərin doğum günlərində şagirdlərdən pul yığılması heç kimə sirr deyil. Bütün bunlar qanunsuz olsa da, on illərdir təhsilimzdəki bu rüşvayçılığa son qoyulmur. Əksinə bu hallar daha da artır. Hətta indi aldığı avtomobilin kreditini ödəmək üçün "doğum gününə hədiyyə" adı altında şagirdlərdən pul yığan xanım müəllimlər də tapılır.
Qeyd edək ki, ötən gün elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərlə söhbətində deyib ki, məktəblərdə hansısa səbəbdən pul yığılması yolverilməz haldır. "Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq mühafizə orqanları tərəfindən də araşdırılır. Biz həmin adamların müvafiq cəza almasının tərəfdarıyıq”, - deyə nazir bildirib.
Bəs cəza tədbirləri məktəblərdəki rüşvət faktlarının azalmasına gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Cahid İmanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələ son dövrlərdə xeyli azalsa da, təəssüf ki, hələ də qalmaqdadır:
"Bu problemi aradan qaldırmaq üçün təsirli mexanizm yaratmaq lazımdır. Bu mexanizmin ilk predmeti də müəllimlərin əmək haqlarının yüksəldilməsi olmalıdır. Yalnız bundan sonra ciddi tədbirlər görmək olar. Şagirdlərdən qanunsuz pul yığılması hansısa bir müəllimlə bağlıdırsa, onun pedaqoji fəaliyyətinə son qoyulmalı, bu, məktəb səviyyəsində kütləvi şəkildə rəhbər şəxslər tərəfindən həyata keçirilirsə, həmin şəxslər işdən azad edilməklə cinayət məsuliyyətinə cəlb edilməlidir. Yəni məsələyə nəinki, "təhsil müstəvisi ilə", hüquqi müstəvisi ilə də yanaşmaq lazımdır".
Sevinc İBRAHİMZADƏ