"Əgər bir gənc gələcəkdə iş tapa bilməyəcəksə, həmin sahədə təhsil alması boşdur" - Millət vəkili
Azərbaycanda gənclərin iş bazarına uyğun təhsil alması müasir dövrün ən vacib məsələlərindən biridir. İş bazarının sürətlə dəyişən tələbləri, rəqəmsal texnologiyalar və digər bacarıqlar üzrə artan ehtiyac təhsil sisteminin də bu tələblərə uyğunlaşdırılmasını zəruri edir. Bu sahədə edilən əsaslı dəyişikliklər həm də ölkədə işsizlik səviyyəsini azaltmağa və iqtisadi inkişafa təkan verə bilər.
Bəs Azərbaycanda gənclərin iş bazarına uyğun təhsil alması üçün hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə əlaqədar Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu istiqamətdə dövlət tərəfindən müəyyən işlər görülür:
"Son vaxtlar yeni ixtisasların yaradıldığını biz gördük. Hesab edirəm ki, yeni ixtisasların yaradılması olduqca vacib bir məsələdir. Eyni zamanda bu məsələnin daha sürətli bir formada həlli istiqamətində addımların atılması üçün biz universitetlərlə işəgötürənlər arasında əməkdaşlığı gücləndirməliyik. Bu məsələ nəzəri biliklərdən əlavə, həm də praktiki biliklərin çatdırılması baxımından önəmlidir. Ona görə də yeni ixtisasların yaradılması əhəmiyyət daşıyır. Buna paralel olaraq universitetlərdə işəgötürənlər - şirkətlər, sənaye müəssisələri, zavodlar arasında əlaqələr daha da gücləndirilməli və möhkəmləndirilməlidir. Bununla bağlı çox ciddi iş aparılmalıdır".
Deputatın sözlərinə görə, gənclər o sahələrə təşviq olunmalıdır ki, gələcəkdə orada iş tapa bilsinlər:
"Əgər bir gənc gələcəkdə iş tapa bilməyəcəksə, həmin sahədə təhsil alması boşdur. Bu, ona gələcəkdə müəyyən problemlər və çətinliklər yaradacaq. Ona görə biz bu məsələlərə olduqca həssas və diqqətlə yanaşmalıyıq".
Sevinc İBRAHİMZADƏ