Hərbi xidmətə çağırış yaşının endirilməsi, elm sahəsinə necə təsir edəcək? - AÇIQLAMA

 16:16 16.12.2024     208

"Müddətli hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 30-a endirilməsi təhsil və elm sahəsinə bir sıra müsbət təsir edəcək". 

Redaktor.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, bu dəyişiklik gənclərin təhsil prosesinə fasilə vermədən davam etməsinə imkan yaradır.

"Daha erkən yaşda hərbi xidməti başa vurmaq, tələbələrin ali təhsil, magistratura və doktorantura mərhələlərinə gecikmədən başlamasını təmin edir. Bununla yanaşı, elmi tədqiqatlarla məşğul olan gənclərin xidmət müddəti səbəbindən fəaliyyətlərini yarımçıq qoyması ehtimalını azaldır və onların intellektual fəaliyyətə daha erkən qayıtmasını asanlaşdırır".

Ekspert həmçinin qeyd edib ki, bu yanaşma, həmçinin elmi və akademik sahədəki kadr çatışmazlığını aradan qaldırmağa kömək edir.

"Hərbi xidmətdən sonra iş və təhsil mühitinə inteqrasiya daha erkən baş verdiyindən, gənclərin həm akademik, həm də peşəkar sahədə məhsuldarlığı artır. Elmi fəaliyyət və təhsil sahəsində vaxt itkisini minimuma endirərək ölkənin intellektual potensialının səmərəli istifadəsinə şərait yaradır. Bu da ölkənin ümumi elmi və təhsil inkişafına müsbət təsir göstərir".

Türkan İSGƏNDƏRLİ