"Xaricdə təhsil almaq artıq dəbə çevrilib" - Millət vəkili

 17:42 19.12.2024     87

"Gənclərin xaricdə magistratura təhsilinə önəm verməsinin birinci səbəbi artıq bunun tendensiyaya çevrilməsidir. Müəyyən qədər bir az fərqli formada desək, xaricdə magistratura sanki dəbə çevrilib. Hər kəs artıq bakalavr təhsilini bitirəndən sonra magistratura təhsili almaq üçün Qərbə yönəlir. Gənclərin çoxu artıq öz seçimlərini bu istiqamətdə edirlər".

Bu sözləri millət vəkili Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bir çox gəncin Azərbaycanda magistr təhsili almaması barədə danışarkən söylədi.

Deputatın sözlərinə görə, Azərbaycanda bütün universitetlərdə magistratura pilləsinin tam olaraq formalaşmamasının da burada rolu var:

"Azərbaycan universitetlərində bu təhsil pilləsini hələ xeyli işləməliyik və müəyyən mənada bu pillənin inkişaf etdirilməsinə, daha da təkmilləşdirilməsinə yönəlmiş addımların atılmasına ehtiyac var. Bəzi universitetlərdə magistratura çox yüksək səviyyədə qurulur, ali təhsil müəssisələrində bu baxımdan yaxşı nəticələr var. Amma bəzi universitetlərdə bu sistemin daha da gücləndirilməsinə, daha ciddi addımların atılmasına və işlərin görülməsinə ehtiyac var".

C.Məmmədov əlavə etdi ki, müəyyən ixtisaslar var ki, o ixtisaslar üzrə təhsil almaq yalnız xaricdə mümkündür.

"Ümumilikdə isə bu cür tendensiya hər şeyin, hər kəsin istəyindən asılı olaraq dəyişir. Gənclər öz seçimlərini edərək təhsil prosesini bu və ya digər formada davam etdirə bilərlər, əsas odur ki, yaxşı təhsil alsınlar və sonra gəlib ölkənin inkişafına öz töhfələrini versinlər", - deyə millət vəkili qeyd etdi.

Sevinc İBRAHİMZADƏ