Sinif rəhbərinin valideyn komitəsinin işinə qarışacağı yoxdur - AÇIQLAMA
Orta məktəblərdə valideyn iclasları məktəb və ailə arasında əməkdaşlıq çərçivəsində olduqca vacib və faydalıdır. Valideynlər və müəllimlər arasında qarşılıqlı əlaqə uşaqların təlim-tərbiyə prosesində müsbət nəticələrə gətirib çıxarır. İclaslar zamanı yaranan problemlər açıq şəkildə müzakirə olunur və həm məktəb, həm də valideynlər bu problemləri həll etmək üçün müştərək qərar qəbul edir. Adətən bu cür iclasları müəllimlər təşkil edirlər.
Bəs valideynin sinif iclası keçirilməsini tələb etmək haqqı var? Bu iclas hansı formada təşkil oluna bilər?
Bu barədə təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, sinif-valideyn iclası və sinif iclası fərqli anlayışlardır:
"Sinif-valideyn iclası valideyn komitəsinin çağırdığı iclasdır və burada sinif rəhbəri, məktəbin rəhbərliyinin heyəti tərəf kimi çıxış edir. Sinif iclası isə sinif rəhbərinin toplantı keçirməsidir. İstənilən halda 5-7 nəfərlik valideyn komitəsi yaradılmalıdır və komitə sədri seçilməlidir. Bu sədr isə 5 aydan, maksimum 1 ildən sonra yenidən seçilməlidir. Sinif-valideyn iclası isə həm onlayn, həm də oflayn şəkildə keçirilə bilər, bununla bağlı hər hansısa məhdudiyyət yoxdur. Ancaq sinifdə valideynlərin yarısından çoxu sinif-valideyn iclasının keçirilməsini tələb etməlidir. Sinif rəhbəri valideyn komitəsini idarə edən deyil. Ümumiyyətlə, sinif rəhbərinin valideyn komitəsinin işinə qarışacağı yoxdur".
Ekspert qeyd etdi ki, bu məsələ ilə bağlı problem yaşayan valideynlər məktəb rəhbərliyinə, Bakı Şəhər Təhsil İdarəsinə müraciət edə bilərlər.
Sevinc İBRAHİMZADƏ