"Təhsil kartında hər sahədə güzəşt olacağına özümüzü inandırmayaq" - Tanınmış müəllim

 14:00 24.12.2024     1350

"Təhsil dövlətin, eləcə də cəmiyyətin ayrılmaz bir hissəsidir. Yəni cəmiyyətin hər bir üzvü bilavasitə təhsilin inkişafında önəmli rol oynayan, təhsilə maraqlı olan kəslərdir.  Demək olar ki, hər kəsin yolunun azı bir dəfə də olsa, təhsildən keçməsi labüddür. Təhsil məfhumunun isə sütunu müəllim və şagirdlərdir. Bir millətin mövcud olması öncə onun dilindən, sonra təhsilindən asılıdır. Buna görə dövlətimiz təhsilə xüsusi önəm verərək, onun inkişafı üçün mümkün olan plan və layihələri həyata keçirməyə çalışır. Düzdür, hazırda təhsil sistemimizdə bəzi neqativ hallarla üzləşsək də, mediada ancaq neqativ halların işıq üzü gördüyünə şahid olsaq da, müsbətə doğru xeyli addımlar atılıb və bu, danılmazdır. Son dövrlər təhsildən korrupsiya hallarının kənarlaşdırılmasına dair xeyli işlər görüldüyünün şahidi oluruq. Buna tələbə qəbulundan tutmuş tələbə transferi, müəllimlərin işə qəbulu prosesinə qədər bir sıra misal göstərmək olar".

Bunu Redaktor.az-a açıqlamasında Laçın rayonu P.Məmmədov adına 46 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Səbinə Əsədova gələn ildən müəllimlərə veriləcək təhsil kartı ilə bağlı danışarkən dedi. Onun sözlərinə görə, dövlət təhsil işçilərinin rifah halının yüksəldilməsinə yönəlik bir sıra tədbirlər həyata keçirib və keçirməkdə davam edir:

"Tez-tez müəllimlərimizin rifah halı inkişaf etmiş ölkələrlə müqayisə olunur və müəllimlərin sistem qarşısında tələbləri meydana çıxır. Müəllimlərin sertifikatlaşdırilması ilə əmək haqqına edilən əlavə bunun bariz nümunəsidir. Bununla yanaşı, Təhsilin İnkişafı Fondu yaxın gələcəkdə müəllimlərə güzəştli kartların veriləcəyi barədə məlumat yayıb. Bu kartlarla güzəştlər hansı sahələrə tətbiq olunacaq, o barədə geniş müzakirələr aparılaraq ortaq qərar qəbul olunacaq. Doğrudur, artıq mediada bu kartların tətbiq olunacağı sahələr barədə iddialar və müddəalar mövcud olsa da, bu cür geniş miqyaslı layihənin ani veriləcək qərarlara əsaslanmayacağı aşkardır. Mediada kartların 2025-ci ilin yanvar ayından etibarən tətbiq ediləcəyi barədə olan məlumat isə dezinformasiyadır. Çünki layihə planı hazırlanmaqdadır və ora hansı müddəaların daxil ediləcəyinin ümumi sorğular əsasında həyata keçirilməsi məqsədəuyğundur". 

S.Əsədova qeyd etdi ki, güzəştli kartlar müəllimlər arasında bərabər imkanlar yaratmalıdır.

"Etiraf edim ki, bizə, yəni müəllimlərə qalsa, hər sahədə güzəştlər əldə etmək istəyərik. Lakin qəbul edək ki, güzəştlər ilkin mərhələdə ən çox tələb görən sahələrə tətbiq edilməklə tədricən əhatəsi genişlənəcək. Mən qısa bir araşdırma, sosial sorğu etdim və gördüm ki, Azərbaycan müəllimi hər sahədə güzəşt istəyir. Gəlin bunun birdən-birə olacağına özümüzü inandırmayaq. İlkin mərhələdə müəllimlərin istək və tələblərinin yüksək faizi nəzərə alınmaqla, ardınca çatışmazlıqlar aradan qaldırılıb prosesə yeni müddəalar daxil edilməklə layihənin həayata keçiriləcəyi ehtimal olunur. Kartların verilməsndə öncə dövlət müəssisələri, sonrasında özəl təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur. Güzəştli kartların müəllimlər arasında bərabər imkanlar yaradacağına ümid edirik. Məsələn, hamının başlanğıc olaraq gözlədiyi nəqliyyata ediləcək güzəştin qarşılığında nəqliyyatdan istifadə etməyən və ya şəxsi avtomobili ilə işə gedib gələn müllimlərə də müvafiq məbləğ dəyərində güzəştlər edilməlidir. Yəni gordüyümüz kimi, uzaqdan asan görünsə də, bu iş tez zamanda qərar qəbul edib tətbiq ediləcək məsələ deyil. Elə etmək lazımdır ki, nə şiş yansın, nə kabab", - deyə o bildirdi.

Türkan İSGƏNDƏRLİ