Ev tapşırığının çoxluğu uşaqları dərsdən soyudur - AÇIQLAMA
Tətillərdə dərslərin olmaması səbəbilə müəllimlər şagirdlərə ev tapşırıqları verirlər. Ancaq bu bəzən həddən artıq çox ola bilir. Bu səbəbdən uşaqlar tətilləri istirahət etmək yerinə dərsləri çatdırmağa çalışırlar.
Bəs şagirdlər tətil vaxtlarını necə dəyərləndirməlidir, onları tapşırıqlarla yükləmək düzgündürmü?
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, şagirdlər tətillərə daha çox istirahət etmək və əylənmək məqsədilə baxırlar və onlara həddindən çox ev tapşırığı verilməsi bu vacib fürsətin mənfi şəkildə dəyərləndirilməsi deməkdir:
"Təhsil prosesinin balanslı və şagirdlərin ehtiyaclarına uyğun olması vacibdir. Siniflərdən asılı olaraq müəyyən tapşırıqlar verilə bilər, lakin tapşırıqların miqdarı və çətinliyi şagirdlərin yaşına və sinif səviyyəsinə görə tənzimlənməlidir. Xüsusilə ali məktəbə hazırlanan 11 və buraxılış sinfi sayılan 9-cu sinif şagirdləri üçün əlavə tapşırıqların verilməsi müəyyən qədər normal sayılsa da, aşağı siniflərə verilən dərslərin həddindən artıq olmaması vacibdir".
Ekspert həmçinin qeyd etdi ki, şagirdləri dərsə və tapşırıqlara məcbur etmək, onları dərsdən soyutmağa səbəb ola bilər.
"Şagirdlərə bayram günlərində müəyyən sərbəstlik verilməli, onların özlərini dərsə hazır hiss etmələri üçün vaxt tanınmalıdır. Bu yanaşma şagirdlərin dərsə marağını artırar və onların ümumi inkişafını təmin edər. Hər bir sinifin xarakterini və xüsusiyyətlərini nəzərə alaraq tapşırıqlar verilməlidir. Müəllimlər və valideynlər şagirdlərə olan yanaşmalarında diqqətli və düşüncəli olmalıdır", - deyə R.Fikrətoğlu bildirdi.
Türkan İSGƏNDƏRLİ