Tələbələr imtahana hazırlaşarkən bu səhvi edirlər - Ekspertdən TÖVSİYƏ
"Tələbələrin imtahana hazırlaşma vərdişləri semestrin əvvəlindən formalaşmalıdır. Tələbələri imtahana sadəcə qiymət almaq üçün deyil, öz gələcəklərinə sərmayə kimi baxmağa çağırıram. Davamlı çalışmaq uğurun əsas açarıdır".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev tələbələrin imtahana hazırlaşma prosesini şərh edərkən dedi. O, bu mövzuda narahatlığını dilə gətirdi:
"Tələbələrin böyük bir qismi imtahana az müddət qalmış, hətta bir çox hallarda bir gün əvvəl hazırlaşmağa başlayır. Bu üsul həm biliklərin keyfiyyətinə, həm də gələcək ixtisas peşəkarlığına mənfi təsir göstərir. Bəzi tələbələr imtahan öncəsi bir gecəlik intensiv hazırlıqla imtahanı keçir, digərləri isə kəsilir. Amma hər iki halda bu yanaşma doğru deyil. Bir fənni öyrənmək yalnız imtahanı keçmək üçün deyil, gələcək peşəkar fəaliyyət üçün lazımdır. Universitetdə tədris olunan fənlər tələbələrin ixtisaslarına birbaşa təsir edir və bu biliklər onların gələcəkdə mütəxəssis kimi fəaliyyətində təməl rolunu oynayır".
Ekspertin sözlərinə görə, davamlı və sistemli hazırlıq həm tələbənin imtahan nəticələrinə, həm də ixtisasına dərindən hakim olmasına səbəb olur.
"Hər bir müəllim semestr boyunca tələbələrin fəaliyyətini 10 bal üzərindən qiymətləndirir. İmtahan zamanı toplanan ballarla birləşən bu qiymətləndirmə tələbənin yekun nəticəsini müəyyən edir. Bu mexanizmin mövcud olması tələbələrin davamlı hazırlığa önəm verməsini təmin edir. Tələbələr semestrin əvvəlindən oxumağa başlamalı və hər bir mövzunu dərindən mənimsəməlidirlər. Bu da gələcəkdə həmin şəxsin peşəkar fəaliyyəti zamanı rastlaşacağı çətinlikləri daha asanlıqla aradan qaldırmasına kömək edir. Tez öyrənilən dərs yaddaşdan da tez silinir. Bu da tələbənin öyrəndiyi biliklərin keyfiyyətini aşağı salır və peşəkar fəaliyyətə hazırlığını zəiflədir", - deyə R.Nurəliyev vurğuladı.
Türkan İSGƏNDƏRLİ