İmtahanın tez keçirilməsi bu problemlərə yol açır - AÇIQLAMA
2025-ci ildə keçiriləcək imtahanların vaxtları məlum olub. Belə ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona üzrə 2 və 9 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq. Xüsusilə universitetə qəbul imtahanlarının iki hissəyə ayrılması şagirdlərdə müəyyən rahatlıq yaradır. Nəticədə, ilk imtahanı verdikdən sonra həmin fənlərə olan maraq azala bilir.
Bəs təhsil keyfiyyətinin daha da yaxşılaşdırılması üçün imtahan sistemində dəyişikliklər edilə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil tədqiqatçısı Elmin Nuri qeyd etdi ki, artıq uzun illərdir ki, bizdə imtahanlar bir yox, bir neçə cəhddə keçirilir, buraxılış və blok imtahanları olmaqla iki mərhələyə bölünür:
"Əvvəllər isə bu prosedur başqa mexanizm altında təşkil olunurdu. Buraxılış sinif şagirdləri məktəb daxilində imtahan verir, həmin imtahanın məqbul və qeyri-məqbul olduğundan sonra 700 ballıq sistem əsasında ümumi vahid standartlarla qəbul imtahanında iştirak edirdi. İndi isə vəziyyət tamamən dəyişdi, 700 ballıq mexanizm iki hissəyə ayrıldı. Buraxılış imtahanları qəbul imtahanının bir hissəsinə çevrildi və maksimum 300 ballıq göstərici hesablandı. Blok imtahanları isə ümumi qəbul imtahanlarının kiçik formasına çevrildi və onda da maksimal bal 400-dür. Buraxılış imtahanlarında ümumi ana fənnlər - ana dili, xarici dil və riyaziyyat fənlərinin olması, burada ixtisas qrupu fərqinin aradan götürülməsi, o cümlədən buraxılış imtahanlarına olan diqqəti və marağı nisbətən artırmış oldu".
Mütəxəssisin sözlərinə görə, buraxılış imtahanlarının tez bir şəkildə həyata keçirilməsi problemlərə yol açır.
"Bundan sonra mexanizmin əvvəlki formasına qayıdacağını düşünmürəm. Blok imtahınından öncə üç fənn - ana dili, xarici dili və riyaziyyat predmetləri üzrə buraxılış imtahanları verilir və bu predmetlər şagirdlər üçün bir növ öz aktuallığını itirir. Məsələnin yeganə problemli tərəfi bu deyil. Buraxılış imtahanlarının tez bir şəkildə həyata keçirilməsi başqa problemlərə yol açır. Orta məktəblər üçün vahid tədris proqramı hələ bitməmiş şagirdlər həmin tədris proqramı üzrə ümumi buraxılış imtahanları vermiş olurlar. Təsəvvür edin, bir fənnin tədris proqramına görə tədrisi bəlkə aprelin sonu, mayın əvvəllərinə düşür. Amma uşaq, şagird, buraxılış məzunu onun imtahanını artıq mart ayının əvvəlində verməyə məhkumdur və bu, bir az yolverilməzdir. Amma başqa çıxış yolu qalmır. Çünki buraxılış imtahanları bir mərhələdi. Amma blok imtahanları yazda və yayda ümumilikdə 2 dəfə olur. Bunlar arasında müəyyən qədər fasilə olmalıdır ki, şagird təkrarı yaxşı edə bilsin. Ona görə mart ayı olan imtahanı gecikdirsək, kritik vəziyyət yarana bilər", - deyə E.Nuri bildirdi.
Türkan İSGƏNDƏRLİ