Repetitorlar da vergi ödəyəcək? - Deputat: "Bu məsələ də mümkün olacaq"

 17:39 13.01.2025     165

Azərbaycanda uzun illərdir ki, orta məktəb müəllimlərinin əksəriyyəti repetitorluqla məşğuldur. Yəni repetitorlar aylıq ödəniş qarşılığında abituriyentləri ali məktəblərə qəbul imtahanlarına hazırlayırlar. Lakin repetitorlar aldıqları pula görə vergi ödəmirlər.

Bəs repetitorlar da vergi ödəyicisi kimi qeydə alına bilərlərmi? 

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, hər bir vətəndaş anlamalıdır ki, onun verdiyi vergi əsasında dövlət büdcəsi formalaşır.

"Düşünürəm ki, bizim insanlarımızda birinci bununla bağlı bir mədəniyyət formalaşmalıdır, hamı nəzərə almalıdır ki, bu ölkədə yaşayır, ölkənin vergi orqanlarına, dövlət qurumlarına vergini vaxtında ödəməlidilər və bu, hər bir vətəndaşın üzərində ola vəzifədir. Biz deyə bilmərik ki, heç kim ümumiyyətlə vergi ödəmir, onların içərisində vergi ödəyən kurslar fəaliyyət göstərir və bu məsələyə vicdanla yanaşan insanlar var. Amma eyni zamanda bunu etməyənlər də var. Hesab edirəm ki, davamlı maarifləndirmə olmalıdır, eyni zamanda müvafiq dövlət qurumları da bu prosesə nəzarət etməlidir. Elə etməlidirlər ki, bu cür problemlər nəzərdən qaçmasın, heç kim bundan sui-istifadə etməsin. Əslində, biz son illər vergi orqanlarının bu istiqamətdə tədbirlər həyata keçirdiyini görürük. Bu sahədə xeyli islahatlar var, yeniliklər var və inanıram ki, bu məsələnin həlli də mümkün olacaq. Bu məsələdə önəmli olan vətəndaşların üzərinə düşən işi məsuliyyətlə və diqqətlə yerinə yetirmələridir və öz üzərində bir məsuliyyət hss etmələridir", - deyə millət vəkili vurğuladı.

Bənövşə HƏSƏN