"Universitetlərdə magistratura düzgün qurulmayıb, müəllimlər yerində deyil" - AÇIQLAMA

 18:42 13.01.2025     180

Fevral ayının sonlarına doğru magistr imtahanları başlayır. Bəzi tələbələr Azərbaycanda magistr oxumağı üstün tutsalar da, böyük bir qisim isə xaricdə təhsilə daha çox üstünlük verir.

Maraqlıdır, Azərbaycanda magistr təhsili ilə xaricdəki magistr təhsili arasında hansı fərqlər mövcuddur?

Mövzu ilə bağlı Redaktor.az-a təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirdi ki, magistratura təhsili adından da məlum olduğu kimi, “mastery”, yəni ustalaşma mənasını daşıyır.

"Bakalavr pilləsi üzrə ixtisaslarda təhsil alan bir insan spesifik bir sahə üzərində mütəxəssisləşmək, ustalaşmaq istiyirsə, magistraturaya davam edir. Magistratura birbaşa sənayenin tələblərinə uyğun şəkildə qurulmalıdır. Tələbə magistratura təhsili alarkən artıq birbaşa əmək bazarının vəziyyətini öyrənməli, əmək bazarında ona lazım olacaq səriştələrə yiyələnməlidir, çünki tam ali təhsil bakalavr deyil, magistraturanı bitirdiyi zaman tam ali təhsil almış olur. Tam ali təhsili bitirəndən sonra hansısa kurslara ehtiyac duyursa və əmək bazarında özünə layiqli yer tapa bilmirsə, deməli artıq bu təhsilin gedişatında problem var", - deyən ekspertin sözlərinə görə, ona görə də dünyada ali təhsil müəssisələri magistratura proqramlarını əmək bazarının tələbinə uyğun dəyişdirir və müasir trendlərlə ixtisasın proqramının səsləşməsi, ahəngdarlığı üçün çalışır:

"Biz Azərbaycanda magistratura təhsilini müşahidə, tədqiq etdikdə görürük ki, 3-5 universitet var ki, magistratura təhsili müasir dövrün tələblərinə cavab verir. Ancaq əksər universitetlərdə, əksəriyyət ixtisaslarda dəsrlər dövrün tələblərinə cavab vermir. Xüsusilə tələbələr qeyd edir ki, magistratura təhsilləri aldıqları zaman onlara düzgün dərs keçilmir. Yəni onlar dərsə gedir, amma görürlər ki, tələbə yoxdur. Müəllimlər də magistratura səviyyəsində tələbələrə dərs keçməyə həvəssiz yanaşır. Bəzi tələbələr də qeyd edirlər ki, magistratura bakalavr təhsilindən heç bir cəhəti ilə fərqlənmir, bakalavrda nə öyrənmişdilərsə, eynilə magistratura da eyni şeyi öyrəniblər. Yəni eyni proqramı fərqli formatda, fərqli müəllimlərdən yenidən magistraturada alıblar. Bu isə onu göstərir ki, magistratura düzgün qurulmayıb, ixtisas düzgün qurulmayıb, dərslər düzgün hazırlanmıyıb, müəllimlər yerində deyil. Halbuki magistratutra tələbəni bir sahədə mütəxəssis halına gətirməli idi, amma təəssüf ki, universitetlərin bir çoxunda bu, belə deyil".

Q.Məhərrəmovun dediyinə görə, tələbələrdən magistratura ilə bağlı fikirlərini soruşduqda, onlar rahatlıqla qeyd edirlər ki, magistratura onlara xüsusi bir səriştə qazandırmır:

"Sadəcə dərslər olur, dərslərin də keyfiyyəti aşağı olur, bəzən heç dərs keçmirlər. Tələbələrin də çoxu dərslərə getməyə həvəsli deyil, sadəcə bir elmi iş yazılır, bir diplom verilmiş olur. Belə bir situasiyada savadlı insanların burada təhsil almalığını gözləmək olmaz. Çünki həqiqi təhsil almaq istəyənlər məhz bu səbəbə görə gedib qabaqcıl universitetlərində təhsil alır. Bu səbəblərə görə xüsusilə inkişaf etmiş ölkələrin yaxşı universitetlərində təhsil almaq daha yaxşıdır, nəinki ölkəmizin unuversitetlərində təhsil almaq".

Mütəxəssis gənclərimizin Azərbaycanda, yoxsa xaricdə magistratura təhsilini seçməsi barədə də fikirlərini bölüşdü.

"Xaricdə universitetlərdə magistr təhsili alsalar, bu, tamamilə fərqli olacaq. Çünki xarici universitetlərdə top 500, top 100 universitet müasir dövrün tələblərinə uyğundur. Onlar bazar ehtiyaclarını nəzərə alıb proqramlarını hər il çevik dəyişdirə bilirlər. Ona görə də xüsusilə onların proqramlarının yeniliyi, müəllimlərin keyfiyyəti universitetləri daha cazib hala gətirir", - deyə Q.Məhərrəmov bildirdi.

Bənövşə HƏSƏN