Qəbul imtahanları rəqəmsal formada necə keçiriləcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə yaxın gələcəkdə imtahanların rəqəmsal formada keçiriləcəyini bildirib.
Bəs qəbul imtahanlarının rəqəmsal formada keçirilməsinin əhəmiyyəti nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamsında filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirdi ki, universitetlərə qəbul üçün rəqəmsal imtahanlara keçid çoxsaylı üstünlüklərinə görə müasir təhsil məkanında əhəmiyyət kəsb edir:
"Onlardan biri, qəbul imtahanlarının və təhsilin əlçatanlığı və inklüzivlikdir. Rəqəmsal imtahanlar ucqar bölgələrdən olan tələbələrə Bakıya və ya digər mərkəzi şəhərlərə getmədən qəbul proseslərində iştirak etməyə imkan verir və ali təhsili daha əlçatan edir, xüsusi ehtiyacı olan inklüziv kateqoriyaya aid təbəqə üçün də rahatlığı təmin edə bilir. Bundan başqa, rəqəmsal imtahanlar səmərəli olmaqla yanaşı, həm də daha sürətli nəticə əldə etmək üçün imkan yarada bilər. İndi tələbələrin imtahan nəticələri bir ay ərzində açıqlanırsa, rəqəmsal imtahanlar vasitəsilə ilə daha sürətli nəticələr əldə etmək mümkündür. Eyni zamanda test cavablarının yoxlanılmasında həm çoxseçimli cavablar, həm də digər kateqoriyalar üçün obyektiv şəkildə avtomatlaşdırılmış bal sistemləri imtahanları qiymətləndirmək üçün lazım olan vaxtı azaldır, qəbul prosesini sürətləndirir".
Ekspert hesab edir ki, rəqəmsal imtahanlar həmçinin inzibati fəaliyyəti də minimuma endirə bilər. Onun sözlərinə görə, hər bir imtahan otağına və dəhlizlərə cəlb olunan nəzarətçilərin də artıq rəqəmsal imtahanlarda fəaliyyətinə və bunun üçün büdcədən ayrıca vəsait ayırmağa da ehtiyac olmayacaq.
"Maddi baxımdan ehtiyatlılıqla yanaşı, həmçinin ətraf mühitə daha az zərər vurmaq məqsədilə, kağız formada çap edilməmiş test tapşırıqlarının elektron formada portala yerləşdirilməsi də xərclərin effektivliyini artırır. Ümumiyyətlə, rəqəmsal imtahanlar bir çox üstünlüklərə malik olsa da, eyni zamanda texnologiyaya bərabər çıxışın təmin edilməsi, möhkəm kibertəhlükəsizliyin təmin edilməsi və texniki nasazlıqların aradan qaldırılması kimi çətinlikləri də ortaya qoya bilər. Bu kimi məsələlərin də öncədən nəzərə alınması və diqqətdə saxlanılması vacib məsələdir”, - deyə Vüsalə Ağabəyli qeyd etdi.
Təhsil eksperti Ramin Nurəliyev isə hesab edir ki, hal-hazırda rəqəmsal qiymətləndirmə həyata keçirilməsi üçün tezdir. Onun fikrincə, ölkəmiz hələlik buna hazır deyil:
“Məsələn, kurikulumdan misal versək, kurikulum qəşəng sistemdir, müasir sistemdir. İnkişaf etmiş ölkələrdə kurikulum sistemindən istifadə edirlər və faydalanırlar deyib kurikuluma başladıq. Amma bu, belə olmamalıdır. Biz kurikuluma başlamadan öncə onun tədris prosesini, əyani vəsaitlərini hazırlamalı, o cümlədən müəllimlərini yetişdirməliydik. Yəni kurikulumu tədris edən müəllimləri yetişdirmədən biz kurikuluma başladıq və nəticə göz qabağındadır. Həqiqi kurikulum sistemi bu deyil. Kurikulum sistemində şagird evdə dərs hazırlamır, dərs məktəbdə öyrədilir, tapşırıq məktəbdə hazırlanır. Bizdə isə məktəbdə dərs keçilmir. Bu, kurikulumun tam əksidir”.
Ekspert qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi rəqəmsal qiymətləndirmə sisteminə keçməyi düşünürsə, qiymətləndirmə prosesində müəyyən addımlar atmağı fikirləşirsə, bunun infrastrukturunu hazırlamalıdır və ona uyğun addım atmalıdır. İnfrastrukturu hazırlanmadan, hər hansı müsbət və mənfi tərəfləri düşünülmədən bunu birbaşa tətbiq etmək olmaz:
“Artıq dünya rəqəmsal texnologiya, süni intellektə doğru addımlayır, bu istiqamətdə müəyyən nailiyyətlər əldə olunur. Prosesin bəlkə də daha tez həll olunmasına müsbət təsir göstərəcək, amma biz buna hazırıqmı, bizim abituriyentlərimiz, müəlimlərimiz buna hazırdırmı, təhsil sistemimiz buna hazırdırmı deyə düşünmək lazımdır. Əgər olarsa, çox gözəl olar, dünya ilə ayaqlaşmış olarıq. Amma mən düşünürəm ki, "kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Yəni biz bir şeyi yaxşı ediriksə edək, etmiriksə etməyək", - deyə R.Nurəliyev bildirdi.
Bənövşə HƏSƏN
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.