"Xaricdə təhsillə məşğul olan şəxslərin əksəriyyəti fırıldaqçılıqla məşğuldur" - AÇIQLAMA

 14:52 17.01.2025     191

Bir çox gənclər xaricdə təhsil almaq üçün müxtəlif təhsil şirkətlərinə üz tuturlar. Lakin xaricdən döndükdən sonra diplomları tanınmayan məzunlar da az deyil.

Bəs xaricdə təhsil şirkəti seçərkən nələrə diqqət etmək lazımdır? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, hər il təhsil müəssisələrinə qəbul olmaq arzusu ilə Azərbaycan universitetlərinə qəbul ola bilməyən bir çox abituriyent xarici ölkələrə üz tutur. Dediyinə görə, onlardan bəziləri xaricdə təhsil şirkətləri tərəfindən aldadılır, bəziləri təhsili başa vura bilmirlər:

"Ona görə də xaricdə təhsil almaq üçün gedənlər bəzi məqamlara diqqət yetirməlidilər. Hansı xarici ölkəyə getmək istəyirlərsə, həmin xarici ölkənin universitetini ciddi şəkildə araşdırmalıdırlar. Elm və Təhsil Nazirliyinin, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tövsiyyələrinə diqqət yetirməlidirlər. Nazirlik tərəfindən həmin diplomlarım tanınıb-tanınmaması ilə bağlı məlumatlara baxmalıdırlar.

Nazirlik bir çox universitetin siyahısını hazırladı ki, bu universitetlərdə oxuyanların diplomları Azərbaycanda tanınmayacaq. Amma buna baxmayaraq bəzən valideynlər araşdırmadan, mütəxəssislərdən soruşmadan, nazirliyin qaynar xətti ilə əlaqə saxlamadan aldanırlar. Sonra isə həmin tələbələrin diplomlarları tanınmır. Olan isə valideynə olur. Bu qədər əziyyət çəkir, pul tökür, amma nəticə olmur. Bəziləri də var ki, gedir oxuya bilmir, təhsil ala bilmir. Onlara tövsiyəm odur ki, universitet oxuya bilməyəcəksə, getməsinlər, boşuna vaxt itirməsinlər. Xaricdə təhsil almaq istəyən gənclər araşdırmalıdırlar, nazirliyin təqdim etdiyi diplomu tanınmayan universitetlərin siyahısına diqqət etməlidirlər. Xaricdə təhsild,ə xüsusən də Türkiyədə qiyabi təhsil Azərbaycanda tanınmır. MDB ölkələrində olan bir sıra universitetlər tanınmır. Ukraynada müharibədən sonra qəbul olanlarln diplomları tanınmır, çünki bizdə distant təhsil forması yoxdur və gənclər Ukraynada distant təhsil alırlar. Xaricdə təhsil şirkətlərini də araşdırmaq lazımdır. Çünki bəzi xaricdə təhsil şirkətləri gəncləri göndərir və sonra məlum olur ki, fırıldaqçıdır. Xaricdə təhsillə məşğul olan şəxslərin əksəriyyəti fırıldaqçılıqla məşğuldur".

Ekspert qeyd etdi ki, müraciət edib diplomu tanınmayam şəxslərin əksəriyyəti müstəqil olaraq öz şəxsi vəsaiti hesabına gedib xaricdə oxuyub gələnlərdir.

"İstər Dövlət Proqramı, istərsə də Hökümətlərarası Təqaüd Proqramları olsun, bu proqramlarla gedib xaricdə oxuyanların diplomlarında hər hansısa bir problem yaranmayıb. Əsasən valideynlər xaricdə təhsil şirkətləri ilə bağladıqları müqavilələrə güvənirlər, lakin bu da çıxış yolu deyil. Düşünürəm ki, bu il problem aradan qalxacaq, çünki Azərbaycan universitetlərində plan yerlərinin artması müşahidə olunacaq, sonuncu plan ilində 58000 ətrafında qəbul planı var idi. Bu il üçün isə 70000 və daha artıq qəbul planı olacağı səsləndirilir. Bu barədə rəsmi məlumat yoxdur, amma artması şübhə doğurmur. Düşünürəm ki, plan yerinin artması xaricə gedən tələbələrin müəyyən qədər qarşısını alacaq", - deyə R.Nurəliyev vurğuladı.

Bənövşə HƏSƏN