Məktəblərdə neqativ halların qarşısı alınsın - Nazirdən direktorlara tapşırıq

 23:26 22.01.2025     156

Bu gün elm və təhsil naziri Emin Əmrullayev Suraxanı rayonunun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Redaktor.az xəbər verir ki, görüşdə ümumi təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunan uğurlar və yaxın gələcək üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil sahəsindəki islahatların müntəzəm olaraq davam etdirildiyini vurğulayıb, eyni zamanda ümumi təhsil müəssisələrinin idarəolunmasında məktəb rəhbərlərinin rolunun və məsuliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədrisin keyfiyyətinin yüksəldilməsi məsələsinə toxunan nazir ümumi təhsil müəssisələrinin nəticələrinin təhlil edilməsinin və təhsil işçilərinin müasir çağırışlar qarşısında daha çevik, innovativ yanaşmalar sərgiləməsinin vacibliyini qeyd edib.

Görüşdə nazir məktəb və müəllim nüfuzunun artırılmasının önəminə diqqət çəkib, məktəb direktorları və müəllimlərin cəmiyyətdə daha yüksək statusa malik olmasının mühümlüyünü nəzərə çatdırıb.

Emin Əmrullayev məktəblərdə neqativ halların qarşısının alınması və daha sağlam təhsil mühitinin yaradılmasının zəruriliyini bildirərək bu istiqamətdə məktəb rəhbərlərinə müvafiq tövsiyələrini verib. Nazir məktəb-icma və müəllim-şagird-valideyn münasibətlərinin gücləndirilməsinin təhsil prosesinin keyfiyyətinə müsbət təsir edəcəyini vurğulayıb.

Daha sonra nazir təhsil müəssisələrində psixoloji xidmət işinin inkişaf etdirilməsi, elektron xidmətlərin daha geniş tətbiqi, təlim nəticələrinin təhlili və bu istiqamətdə planların hazırlanmasının əhəmiyyətini diqqətə çatdırıb.

Görüş çərçivəsində məktəb direktorları müxtəlif təkliflərlə çıxış ediblər, təhsilin inkişafı və məktəblərin idarə edilməsindəki mövcud problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda ümumi təhsil müəssisələri rəhbərlərinin sualları cavablandırılıb.

222