"Müəllimlik bir aktyorluqdur, səhnəni elə aparmalısan ki, şagird sənə diqqət ayırsın” - AÇIQLAMA
Bəzi valideynlər düşünür ki, hazırkı dərsliklər ibtidai sinif şagirdləri üçün həddindən artıq çətindir. Valideynlər daha çox ingilis dili dərsliklərinin ibtidai sinif üçün çətin olduğundan şikayətçidirlər. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilir.
Bəs aşağı sinif şagirdləri üçün ingilis dili dərslikləri həqiqətən də mürəkkəbdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eskperti Ramin Nurəliyev bildirdi ki, o, özü də bu hallarla qarşılaşıb. Dediyinə görə, aşağı siniflərdə tapşırıqlarda bir az çətinlik dərəcəsi var, amma tam da çətin deyil:
“Valideynlərə çətin gəlməsinin səbəbi odur ki, onların tədris aldığı vaxt kurikulum sistemi yox idi. Valideynlərə dərslər kurikulumla keçirilsəydi, onlar çətinlik qarşısında qalmazdı, onlar əvvəlki metodla tədris prosesi gördüyü üçün indiki kurikulumla olan dərs prosesi valideynlərə çətin gəlir. Nazirliyin kitablara saldığı tapşırıqlar da, kurikulum sisteminə uyğun olaraq normal səviyyədədir”.
Ekspertin sözlərinə görə, ölkəmizdə bəzi müəllimlər var ki, müasir texnoloji avadanlıqlardan istifadə edərək beynəlxalq tədris prosesinin müəyyən bir hissəsini ölkəmizə gətirməyə çalışır.
"Avropada, xüsusilə də Amerikada təhsil prosesi şagirdə əyləncəli şəkildə tədris olunur. Xaricdə universitetə qəbul olmaq asan, oxumaq isə çətindir, bizdə isə universitetə qəbul olmaq çətin, universitetdə oxumaq asandır. Amerikada şagirdlərə riyaziyyatı əyləncəli şəkildə öyrədirlər. Sanki riyaziyyatı əyləncə formasında oxuyurlar. Bizdə bir ingilis dili müəllimi var idi, ingilis dilini mahnıyla öyrətməyə çalışırdı, aktyorluq sənətindən peşəkarcasına yanaşaraq tədris prosesini əyləncəli həyata keçirirdi.
Bizim bir müəllimimiz var idi, deyirdi ki, müəllimlik bir aktyorluqdur, yəni sən səhnədəsən. O səhnəni elə aparmalısan ki, dinləyici, yəni şagird sənin tədris prosesini tam anlaya bilsin və sənə diqqət ayırsın”, - deyə Ramin Nurəliyev qeyd etdi.
Ekspertin fikrincə, ingilis dili dərsləri də əyləncəli formada çətinləşdirilməyərək, sevdirilərək tədris olunsa, daha yaxşı olar:
"Dil biliklərini sadələşdirmək yolverilməzdir, onun əvəzinə əyləncəli olaraq izah etmək daha yaxşıdır. Əyləncəli dedikdə, məsələn, lüğət verib söz əzbərlətməkdənsə, ingilis dilində səhnələşdirilmiş bir mətni tətbiq edə bilər və ya ingilis dilində bir müsiqini əzbərlətdirib onun Azərbaycan dilində mənasını öyrədə bilər və yaxud dialoqlardan istifadə edərək ingilis dili dərslərini daha cazib formaya gətirə bilərlər”.
BƏNÖVŞƏ