"Elə ixtisaslar var ki, ölkəmizdə tanınmır" - Rəşad Mahmudov
“Xaricdə olan bir çox peşələrin diplomları ölkəmizdə tanınmır”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, bu gün Azərbaycandan xaricdə - ABŞ-də, Avropada, Türkiyədə Perfiziologiya ixtisası üzrə təhsil almış insanlar var: "Onların diplomları ölkəmizdə tanınmır. Bəzən belə xüsusi sahələrə xüsusi yanaşmalar tətbiq olunmalıdır. Bir çox sahədə elə ixtisaslar var ki, ölkəmizdə tanınmır. Sürətli dəyişən dünyamızda xaricdə alınan diplomların tanınmaması problemi, təhsil, əmək bazarı və iqtisadiyyatın inkişafını əngəlləyən ciddi faktordur”.
Deputat rezidentura təhsili ilə bağlı problemlərə də toxunub: “Bu gün ölkəmizdə elm, təhsil və səhiyyə sahəsində ciddi islahatlar aparılır. Bu islahatların effektivliyini təmin etmək üçün daha çevik mexanizmlərə ehtiyac var. Tibb təhsili sahəsində bir çox anlaşmazlıqlar mövcuddur. Bunu aradan qaldırmaq üçün müzakirələrə ehtiyac var. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq. “Ali təhsil haqqında” qanun layihəsinin qəbulundan əvvəl peşəkar insanlarla dinləmələrin keçirilməsi lazımdır”.