Bu sahələr üzrə mütəxəssislərə ehtiyac artacaq - Ekspertdən abituriyentlərə MƏSLƏHƏT

 18:03 23.01.2025     564

Hazırda abituriyentlər üçün ən böyük qayğı universitet imtahanlarında uğur qazanmaqdır. Onlar bu mərhələni keçdikdən sonra ixtisas seçimi mərhələsinə gələcəklər. Lakin burada əsas sual ortaya çıxır: gələcəkdə hansı peşələr daha çox tələb olunacaq? İxtisas seçimi yalnız cari dövrün tələblərinə deyil, həm də gələcək əmək bazarının istiqamətinə uyğun planlaşdırılmalıdır. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirdi ki, Azərbaycanın əmək bazarına nəzər saldıqda, ənənəvi ixtisasların – hüquqşünaslıq, tibb, mühəndislik – hələ də abituriyentlər arasında populyarlığını qoruduğunu görürük.

"2024-cü ilin qəbul statistikalarına görə hüquq ixtisasına müraciət edənlərin sayı yenə yüksək idi, lakin əmək bazarında bu sahədə artıq rəqabət doyum nöqtəsinə çatmaqdadır. Eyni zamanda son illərdə informasiya texnologiyaları, data analitika və kibertəhlükəsizlik sahələrinə olan maraq sürətlə artır. Bu tendensiya dünya miqyasında da müşahidə edilir. Beynəlxalq Əmək Təşkilatının araşdırmalarına görə, texnologiyaya əsaslanan peşələr 2030-cu ilə qədər qlobal əmək bazarında ən çox tələb olunan sahələrdən biri olacaq", - deyən təhsil eksperti qeyd etdi ki, Azərbaycanın əmək qanunvericiliyində təhsil və peşə hazırlığı ilə bağlı müddəalar gənclərin işə qəbulunda müəyyən çərçivələr yaradır:

"Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işə qəbul zamanı vətəndaşın peşə hazırlığı və ixtisasına uyğunluq əsas meyar kimi nəzərə alınır. Lakin problem ondadır ki, bəzi ixtisaslar üzrə məzunların iş tapması çətinləşir. Bu, xüsusilə humanitar sahələrdə təhsil alan gənclər üçün daha qabarıq görünür. 2023-cü ilin statistikasına görə Azərbaycanda hüquqşünaslıq və iqtisadiyyat üzrə məzun olanların işlə təmin olunma faizi 40%-dən aşağıdır. Halbuki texnoloji və mühəndislik sahələrində bu göstərici 70%-i keçir.

Dünya təcrübəsi göstərir ki, təhsil sistemində dəyişikliklər əmək bazarının gələcək tələblərinə cavab verməlidir. Məsələn, Finlandiya təhsil sistemində şagirdlərə kiçik yaşlardan proqramlaşdırma, rəqəmsal dizayn və robototexnika dərsləri keçirilir. Bu, onların gələcək əmək bazarına uyğunlaşdırılmasında mühüm rol oynayır. Eyni zamanda Almaniya peşə təhsili sahəsində tətbiq etdiyi ikili sistemlə diqqət çəkir. Bu modelə əsasən, tələbələr həm nəzəri, həm də praktiki biliklərə yiyələnir, bu da onların məzun olduqdan dərhal sonra işə başlamasına şərait yaradır”.

Kamran Əsədov qeyd etdi ki, Azərbaycanda təhsil və əmək bazarı arasında əlaqənin zəif olması problem olaraq qalır. Onun sözlərinə görə, abituriyentlərin böyük hissəsi ixtisas seçərkən əmək bazarının tələblərindən çox, şəxsi və ya ailə təzyiqi altında seçim edir:

"Bunun nəticəsində gənclərin təhsil aldığı sahə ilə iş həyatında məşğul olduğu sahə arasında uyğunsuzluq yaranır. Beynəlxalq təcrübədə bu məsələnin həlli üçün “karyera planlaması” və “peşə istiqamətləndirilməsi” kimi mexanizmlərdən istifadə olunur. Məsələn, ABŞ-də orta məktəb səviyyəsində karyera məsləhətçiləri şagirdlərə öz maraqlarına və əmək bazarının tələblərinə uyğun ixtisas seçimi etməyə kömək edir. Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə gələcək əmək bazarının əsas tələbi texnoloji savadlılıq olacaq. Süni intellekt və avtomatlaşdırma artıq bir çox ənənəvi peşələri sıradan çıxarır. McKinsey-in hesabatına görə, növbəti 10 ildə təkrarlanan əməyə əsaslanan iş yerlərinin 60%-ə qədəri avtomatlaşdırılacaq. Bu isə deməkdir ki, abituriyentlər müasir texnologiyalarla ayaqlaşan ixtisaslara üstünlük verməlidir. Azərbaycanda STEAM təhsilinin genişlənməsi bu sahədə müəyyən ümid yaratsa da, hələlik bu proqramların əhatəsi məhduddur və ümumi təhsil sisteminə tam inteqrasiya olunmayıb”.

Mərkəz rəhbəri vurğuladı ki, digər tərəfdən, qlobal miqyasda yaşıl texnologiyalar və ekologiya ilə bağlı peşələr ön plana çıxır:

"Avropa İttifaqı ölkələri 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir. Bu məqsədlə bərpa olunan enerji mənbələri, ekoloji araşdırmalar və iqlim mühəndisliyi sahələrində mütəxəssislərə ehtiyac artacaq. Azərbaycanda bu sahələr hələ yeni inkişaf mərhələsindədir, lakin gələcəkdə bu sahələrdə təhsil almış məzunlar üçün geniş imkanlar yarana bilər".

Kamran Əsədov dedi ki, ixtisas seçimi edərkən abituriyentlər həm yerli, həm də qlobal əmək bazarını diqqətlə analiz etməlidir:

"Əsas hədəf yalnız universitetə qəbul olmaq deyil, həm də məzun olduqdan sonra əmək bazarında tələb olunan bir peşəkar kimi formalaşmaqdır. Azərbaycan təhsil sistemi bu istiqamətdə ciddi islahatlara ehtiyac duyur, çünki təhsil yalnız diplom vermək üçün yox, gələcəyə uyğun insan yetişdirmək üçündür. İxtisas seçimi bir seçim deyil, bir gələcək qərarıdır. Bu qərarı verən hər bir abituriyent öncə öz potensialını, sonra isə əmək bazarının tələblərini düzgün qiymətləndirməlidir”.

BƏNÖVŞƏ