"Getdikcə elmə olan maraq azalır, doktorantura pilləsi 1-ə endirilməlidir" - Deputat
Azərbaycanda doktorantura iki pilləlidir və elm sahələri göstərilməklə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri müəyyənləşdirilir. Doktoranturada təhsil fəlsəfə və elmlər doktoru proqramları üzrə əyani və ya qiyabi formada həyata keçirilir.
Fəlsəfə doktoru proqramı üzrə əyani təhsil müddəti 3, qiyabi 4, dissertantlıq yolu ilə isə 4 ildir. Elmlər doktoru proqramı üzrə isə əyani təhsil müddəti 4, qiyabi və dissertantlıq yolu ilə 5 ildir.
Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturanın birinci pilləsinə magistr və ona bərabər tutulan mütəxəssislər, ikinci pilləsinə isə fəlsəfə doktorları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada qəbul olunurlar.
Qeyd edək ki, doktorantura pilləsinin 1-ə endirilməsi ilə bağlı təkliflər var. Bəs bir pilləli doktoranturaya keçid olarsa, bunun hansı üstünlükləri olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, dünyanın əksər ölkələrində bu gün doktorantura səviyyəsi yalnız bir pillədən ibarətdir:
“Bəzi ölkələri çıxmaq şərti ilə heç yerdə doktorantura iki səviyyədən ibarət deyil. Amma Azərbaycanda bu proses iki dəfə gedir və hər iki mərhələ çətindir. Alimlərimiz bu məsələdə ciddi çətinliklər çəkirlər, yəni onlar iki dəfə doktoranturadan keçməklə ağır bir prosesdən keçmiş olurlar. Təklif ondan ibarətdir ki, bu məsələyə baxılsın. AMEA-da və ümumiyyətlə ali təhsil müəssisələrində alimlərlə bağlı çətinliklərimiz var. Getdikcə elmə olan maraq azalır və daha da aşağıya doğru gedir. Bu məsələ bizə imkan verəcək ki, biz bu prosesi asanlaşdıraq və daha çox gənc elmə yönələcək".
Millət vəkili hesab edir ki, eyni zamanda önəmli məsələlərdən biri də odur ki, doktorantura təhsili beynəlxalq standartlara, meyarlara uyğun gələcək.
"Xaricə gedəndə orada bu məsələ onlar tərəfindən anlaşılmır və birmənalı qəbul olunmur. Məsələ odur ki, biz bu məqama yenidən baxmalıyıq və nəzər salmalıyıq. Bu istiqamətdə müəyyən addımlar atmalıyıq ki, beynəlxalq standartlara uyğunlaşsın, həm də insanlar rahat şəkildə elmi dərəcələri əldə edə bilsinlər”,- deyə Ceyhun Məmmədov vurğuladı.
BƏNÖVŞƏ