Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirildi

 20:05 25.01.2025     290

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı mediada yayımlanan şikayətlərlə bağlı məsələyə aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, Regional idarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərdəndir.

"Son iki il ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan 100-dən çox məktəbdə cari, 1 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 8 məktəb binası sökülərək yenidən tikilib. 2024-2025-ci tədris ili üzrə 4 məktəbin sökülərək yenidən tikilməsi və 90-dan çox təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edirik ki, Oğuz rayonunun şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbinin vəziyyəti barədə məlumatlıyıq. Bildiririk ki, təhsil müəssisəsinin yalnız idman zalının yerləşdiyi binanın fasadına vurulmuş üzlük daşlarının bir hissəsi tökülüb. Həmin korpusun təmiri məqsədilə aidiyyəti üzrə müraciət edilib".

Bildirilib ki, təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.