Pedaqogikanı bilən müəllim tətil zamanı uşaqları bu qədər yükləməz - Ekspertdən müəllimlərə İRAD

 13:29 27.01.2025     457

Xəbər verdiyimiz kimi, bu gündən məktəblilərin qış tətili başlayıb. Təbii ki, şagirdlər bunun üçün sevinməli və tətilin dadını çıxarmalıdırlar. Lakin bir nüans da var ki, tətil olacağı üçün müəllimlər şagirdlərə əlavə tapşırılar verirlər.

Tətil zamanı şagirdə əlavə dərs yükləmək nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, tədris ilinin başlanması, bitməsi və tətillərin vaxtı Nazirlər Kabinetinin 24 fevral 2024 cü il tarixli 66 nömrəli qərarı ilə tənzimlənir. Onun sözlərinə görə, bu tətillər şagirlərin istirahət etməsi və onların fizioloji cəhətdən, zehni cəhətdən istirahət etməsi və bərpası üçün zamandır:

"Amma çox təəssüf olsun ki, bizdə müəllim işləyən insanların əksəriyyəti pedaqogikanı bilmədiklərinə, yəni peşəsi ilə bilik və bacarıqlara malik olmadığına görə düşünürlər ki, şagirdə nə qədər çox dərs versən, nə qədər çox dərs yükləsən, o qədər yaxşıdır. Nəticə olaraq tətil vaxtı da şagirdlər tapşırıq yerinə yetirməyə məcbur qalır və bu da onların fiziki və zehni cəhətdən yorğunluğuna səbəb olur. Bu isə böyük psixoloji travmalara gətirib çıxarır.

Valideynlər çalışmalıdılar ki, tətil günlərində övladlarını rayonlara təbiətə çıxarsınlar. Rayona apara bilməyənlər heç olmasa həmin günlər övladlarının daha çox təmiz havada vaxt keçirməsini, əyləncəli keçirməsini təmin etməlidilər".

Ekspert qeyd etdi ki, tətil şagirdin əqli və fiziki istirahəti üçün ayrılmış zamandır.

"Bunu dərk edən istər müəllim, istərsə də valideyn təbii ki, tətil zamanı uşaqları bu qədər yükləməzlər. Burada göründüyü kimi müəllimlərin pedaqoji və psixoloji bilik və bacarıqlarının aşağı olması, valideynlərin də bu sahədə məlumatsızlığı səbəb olur. Nəticə isə göz qarşısındadır, ancaq kitab oxumaq, çalışma etmək və bu da onları oxumağa qarşı aqressivləşdirir. Halbuki müəllimin, eləcə də valideynin işi uşağı motivasiya etmək, həvəsləndirmək, istiqamətləndirməkdir. Təhsil almağı mükəlləfiyyət formasına gətirmək heç vaxt normal effekt vermiyib, verməyəcək də", - deyə Elşən Qafarov vurğuladı.

BƏNÖVŞƏ