"Tələbələrin, müəllimlərin süni intellektdən sui-istifadəsi səhv nəticələrə yol aça bilər” - Vüsalə Ağabəyli
Süni intellekt inkişaf etməkdə davam edir. Odur ki, süni intellektin inkişafı ilə peşələrin sıradan çıxacağı ehtimalı narahatlıq doğurur.
Bəs süni intellektin inkişafı ilə hansı peşələr sıradan çıxa bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti, Azərbaycan Dillər Universitetinin dosenti Vüsalə Ağabəyli bildirdi ki, süni intellektin inkişafı çox güman ki, əmək bazarını əhəmiyyətli dərəcədə dəyişdirəcək və bəzi peşələr köhnələ və ya tələbin azalması ilə nəticələnə bilər.
"Bununla belə, qeyd etmək lazımdır ki, müəyyən iş yerləri tədricən yox olsa da, yeni imkanlar və peşələr yarana bilər. Süni intellektin inkişafının nəticəsi səbəbindən köhnəlmiş və ya çox ənənəvi hala gəlmiş peşələr sıradan çıxa bilər. Süni intellektlə işləyən alətlər məlumatların daxil edilməsini və təsdiqini daha yüksək dəqiqlik və sürətlə avtomatlaşdıra bildiyi üçün qeydiyyat işləri sıradan çıxa bilər. Bundan əlavə, qeyd etmək olar ki, onlayn bankçılıq və süni intellektə əsaslanan maliyyə xidmətləri də ənənəvi kassalara ehtiyacı azaldır. Əslində, süni intellektin sıçrayışla irəliləməsi müxtəlif sahələrə təsirini göstərə bilər, operatorların, səyahət agentliklərinin, kargüzarlıq və ya da digər inzibati işlərlə məşğul olanların, satış menecerlərinin, müəllimlərin, bəstəkarların və s. sahələr, demək olar ki, bütün istiqamətlər üzrə mütəxəssislərin işlərinə "şərik" ola bilər. Üstəlik yüksək əmək haqqı tələb etməməsi də işəgötürənlərin marağını kəsb edən nüanslardandır. Lakin texnologiyadan istifadəni də düzgün şəkildə təşkil etmək lazımdır. Süni intellekti də insan idarə edir, insan nəzarət edir və tələbləri də insan verir, istənilən halda insan əməyi qaçılmazdır, amma prosesin özü önəmlidir. Çünki texnologiya insan əməyini tənbəlləşdirir, bu, bütün istiqamətlərə aid olduğu kimi, təhsil müəssisələrinə, müəllimlərə, tələbələrə də aiddir. Bu tənbəllik, bacarıqların vərdiş halına keçməsini önləyə bilər, zamanla yaradıcı təfəkkür sıradan çıxa bilər. Təhlükənin ən böyüyü, məncə bu məsələdir. Xüsusilə də, tələbələrin, müəllimlərin süni intellektdən sui-istifadəsi yanlış məlumatlandırılmaya, yazı və dil vərdişlərinin bərbad hala gəlməsinə, üstəlik səhv nəticəyə yol aça bilər”, - deyə o vurğuladı.
Vüsalə Ağabəyli əlavə etdi ki, süni intellekt daha çox insanın görə biləcəyi işləri bir çox sahələrdə tamamlayır:
"Eyni zamanda düzgün istifadə zamanı insana köməkçi funksiyasını da yerinə yetirərək məhsuldarlığı artırır və insanların diqqətini yaradıcılıq, qərar qəbul etmə və şəxsiyyətlərarası bacarıqlar tələb edən vəzifələrə yönəltməyə imkan verir. İşin gələcəyi, çox güman ki, iş yerlərinin tamamilə itirilməsindən çox, yenidən ixtisaslaşma və yeni texnologiyalara uyğunlaşma ilə bağlı olacaq”.
BƏNÖVŞƏ